Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Blumberq" nəşri Birləşmiş Ştatların Qrenlandiyadan Rusiya ilə Çinin Arktikadakı fəaliyyətini izləmək üçün istifadə edə biləcəyini yazıb. Agentlik hazırda ABŞ Hərbi Hava Qüvvələrinin ən şimaldakı baasının artıq adada yerləşdiyini xatırladıb.
"Blumberq" yazır: “Qrenlandiya üzərində nəzarəti əldə etmək ABŞ administrasiyasına Arktikada hava və dəniz varlığını genişləndirmək və orada Çin ilə Rusiyanın fəaliyyətləri üzərində nəzarəti gücləndirmək üçün yeni imkanlar yarada bilər. Hazırda adada ABŞ Hərbi Hava Qüvvələrinin ən uzaq şimal bazası, həmçinin raket təhdidlərini müəyyən etmək və kosmosa nəzarət etmək üçün istifadə edilən radar stansiyası yerləşir".
Bundan əlavə, Vaşinqton Qrenlandiyanın zəngin mineral ehtiyatları ilə maraqlanır. "Blumberq" bildirir ki, adanı örtən buz təbəqəsinin iqlim dəyişikliyi səbəbindən əriməsi potensial olaraq onların çıxarılmasını asanlaşdıra, həmçinin ABŞ, Avropa və Asiya arasında daha qısa dəniz ticarət yollarını aça bilər.
ABŞ prezidenti Donald Tramp martın 13-dəki çıxışında Birləşmiş Ştatların Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcəyinə əminliyini ifadə edib. Bundan əvvəl o, Qrenlandiya əhalisinin Danimarkanın bu muxtar ərazisinin ABŞ-ın tərkibinə daxil edilməsi barədə qərarını bəyənəcəyini bildirmişdi. Tramp adadan imtina etməyəcəyi təqdirdə, Danimarkanı yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Hətta o, ilk prezidentlik dövründə Qrenlandiyanı satın almağı təklif etmişdi. Danimarka və Qrenlandiya hakimiyyəti bu fikri rədd etmişdilər.
Hürr Tərcüman