Ötən gün Yasamal rayonu, Alatava massivində tikinti işi aparan şirkət vətəndaşın evini içəridə sakinlər olmasına baxmayaraq, uçurub. Bu barədə görüntü sosial şəbəkə platformalarında yayıldıqdan sonra məlum olub ki, söküntü işi aparan şirkət kompensasiya məsələsində ev sahibi ilə danışıq aparmayıb və razılıq əldə olunmayıb. Daha sonra "Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi mediaya açıqlamasında iddia edib ki, Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini iddia edib. Vətəndaş isə bu iddiaları təkzib edərək, onunla hər hansı danışıqların aparılmadığını bildirib.
Bu məqamda sual yaranır: Ümumiyyətlə, tikinti şirkəti tərəfindən işlər aparılan ərazidə evi olan şəxs əmlakını həmin şirkətə satdığı təqdirdə istədiyi qiyməti tələb edə bilərmi? Bu məsələ qanunla necə tənzimlənir?
Mövzu ilə bağlı Oxu.az-ın suallarını cavablandıran iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib ki, bütün hallarda fəaliyyət Azərbaycan Respublikasının qanunlarına və hüquqi normativlərə əsasən tənzimlənməlidir:
"Vətəndaş, podratçı şirkət, sahibkar, o cümlədən dövlət qurumu söküntü qarşılığında müəyyən olunmuş kompensasiyanı özbaşına müəyyən etməklə bağlı hüquq və imtiyazlara malik deyil. Yaşayış və ya qeyri-yaşayış obyektləri üçün tələb və ya təklif olunan məbləğ yalnız Azərbaycan Respublikasının "Qiymətləndirmə fəaliyyəti haqqında" qanununa müvafiq qaydada həmin ərazidə qiymətləndirmə apardıqdan sonra müəyyən edilir. Məlum olduğu kimi, əmlaklar yerləşmə və infrastruktur baxımından bir-birindən fərqlənir".
"Hazırda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və digər müvafiq instansiyalar 2024-cı ilə qədər nəzərdə tutulmuş söküntü işləri ilə əlaqədar köhnə və yararsız binaların söküntüsü zamanı həmin obyektlərin qiymətinin müəyyənləşdirilməsi üçün satınalmalar elan edir. Qalib gələn şirkətlər də bu prosesi qanunvericİlik çərçivəsində həyata keçirirlər", - deyə V.Oruc qeyd edib.