AZ

Deputatdan sahibsiz itlərlə bağlı maraqlı təklif

Yazını böyüt
Yazını kiçilt

“Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Naqif Həmzəyev bildirib.

Deputat şəhər və rayonlarımızda sahibsiz heyvanlarla bağlı mövcud problemləri və onların həll yollarını diqqətə çatdırıb.

O, bir il ərzində tək Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edildiyini qeyd edib.

“Bu rəqəm, sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir. Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problem yaratdığına şəxsən şahidlik etmişəm. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır”.

Deputat bu problemlərin həlli üçün bir neçə təklif irəli sürüb.

“Sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır və ya sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır. Sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır. Bu sığınacaqlar, heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər. Sahibsiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peyvəndlərin icrası, bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər. Sahibsiz heyvanlara tibbi yardım göstərilməsi üçün mobil klinikaların təşkili, onların mütəmadi olaraq yoxlanılması və müalicəsi üçün faydalı ola bilər.

Şəhər sakinləri arasında sahibsiz heyvanlara qarşı düzgün münasibətin təşviq edilməsi üçün maarifləndirmə kampaniyalarının keçirilməsi vacibdir.

İnsanlara sahibsiz heyvanlarla necə davranmaq və onları qorumaq haqqında məlumat vermək məqsədəuyğundur.

Sahibsiz heyvanların problemlərinin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu vəsaitlər sığınacaqların yaradılması, peyvənd proqramlarının icrası və tibbi yardımın göstərilməsi üçün istifadə olunmalıdır.

Sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir və onların fəaliyyətləri əlaqələndirilməlidir”.

Deputat hesab edir ki, sadalanan addımlar, sahibsiz heyvanların sakinlərimizlə birlikdə təhlükəsiz və sağlam şəraitdə yaşamasına kömək edəcəkdir.

Seçilən
48
12
hafta.az

10Mənbələr