AZ

Azərbaycan ilk dəfə olaraq Özbəkistanda keçirilən “Beynəlxalq teatr həftəsi”ndə təmsil olunub

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Mukimi adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrında 27 – Mart Beynəlxalq teatr günü münasibətilə ilk dəfə olaraq Azərbaycan milli teatrına həsr olunmuş “Dostluq səhnələri” adlı tədbir keçirilib. 

Tədbirdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin  əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, tələbələr, yerli vətəndaşlar, jurnalistlər iştirak edib. 

Teatr direktorunun müavini Xayrulla İnağamov qonaqları salamlayaraq bildirib ki, Özbəkistan teatrları zaman-zaman klassik Azərbaycan musiqili komediyalarına müraciət edib, həmişə də uğur qazanıb. Azərbaycan müəlliflərinin əsərləri əsasında səhnələşdirilən tamaşalar həmişə anşlaqla keçib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və digər Azərbaycan teatrları ilə geniş əlaqələrinin olduğunu və iki il əvvəl Bakıda Məcid Şamxalovun “Qaynana” komediyası ilə qastrol səfərində olduqlarını bildirən X.İnağamov, tamaşalarının uğurla keçdiyini, yerli tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandıqlarını qeyd edib.  X.İnağamov bugünkü konsert-tamaşa proqramının da AMM ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib.  

Mədəniyyət Mərkəzinin direktoru  Akif Marifli isə bildirib ki, 10 mart ölkəmizdə “Azərbaycan milli teatr günü” kimi qeyd olunur. Azərbaycan teatrının əsası 1873-ci ildə  qoyulub və 152 il ərzində böyük inkişaf yolu keçib. Azərbaycan teatrı bütün Şərqdə, o cümlədən Özbəkistanda  teatrın yaranması və inkişafına böyük töhfə verib. Həm Azərbaycanda, həm də Özbəkistanda teatrın yaranması məhz mart ayında formalaşıb və bu bir daha dostluğumuzun və qardaşlığımızın  yaxınlığından xəbər verir. AMM Özbəkistanda Azərbaycan teatrının təbliği sahəsində bir çox işlər görməkdədir. Belə ki, bu yaxınlarda Mədəniyyət Mərkəzində gənclərdən ibarət Teatr Truppası yaradılmış və bu truppanın aktyorları tərəfindən azərbaycanlı müəlliflərin əsərləri səhnələşdirilir. Bununla yanaşı klassik və müasir azərbaycanlı müəlliflərin pyeslərinin də özbək dilinə tərcümə edilərək teatrlara verilməsi işinə də Mədəniyyət Mərkəzi tərəfindən start verilmişdir. A.Marifli bu teatrı ilə əməkdaşlığın bu sahəsindəki əlaqələrimizin daha da genişlənməsinə, Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib. 

Konsertdə teatrının aktyorları tərəfindən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Məcid Şamxalovun “Qaynana”, AMM-nin teatr truppası tərəfindən isə “O olmasın bu olsun”, musiqili komediyalarından səhnələr göstərilib. Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblı da adı çəkilən komediyalarda musiqili kompozisiya və rəqs nömrələri ilə yaxından iştirak edib.

Konsert rəqs və aktyor heyətinin ifasında “Biz mehriban ailəyik” mahnısı ilə başa çatıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

Seçilən
29
7
xalqqazeti.az

10Mənbələr