Aprelin 1-də Milli Məclisin III, VI, V, VI və VII çağırış deputatı, Yazıçılar Birliyinin üzvü Aqil Abbasın 72 tamam olub. Aqil Abbas 1953-cü il aprelin 1-də Ağdamda dünyaya göz açıb.
Ölkə.az xəbər verir ki, Modern.az-ın əməkdaşı 72 yaşlı Aqil Abbasla həmsöhbət olub.
O, bildirib ki, heç vaxt təmtəraqlı ad günü keçirmir: "4 ildir ki, ad günümdə Ağdamda oluram. Dünən də Ağdamdaydım, Bakıya yeni gəlmişəm. Böyük məclis qurmağı xoşlamıram. Amma ailəmlə bir yerdə ad günümü təbii ki, qeyd edəcəm. Nəvələrim başıma yığılacaq".
Deputat qeyd edib ki, iki ildən sonra Ağdama köçəcək: "Allah ömür versə, iki ildən sonra Ağdama köçəcəyəm. Yeni köç olan kimi möhtərəm Prezidentimdən xahiş edəcəm, xanımımı qoltuğuma vurub Ağdama yerləşəcəm".
Aqil Abbas gülüş günündə dünyaya gəlməsinin yaradılıcığına təsirindən danışıb: "Mən də yumorlu adamam, bəlkə də bu, aprelin 1-də dünyaya gəlməyimlə bağlıdır. Yazılarımda yumor var. Mirzə Cəlilin məktəbini keçmişəm. Ən ciddi əsərlərimdə də bir yumor hiss olunur. "Dolu” romanımda da yumora rast gəlmək olar. Yeni filmin senarisini yazıb vermişəm Mədəniyyət Nazirliyinə, qəbul edilib. Ad şərti olaraq "Dolu 2”dir, amma bunu dəyişə də bilərik. Əsərlər, povestlər üzərində işləyirəm. Xatirələrimi povest kimi yazmağı xoşlayıram. Xüsusən Ağdamla bağlı son yazılarım bu qəbildəndir. Bunları toplayıb kitab halında da çap etdirəcəm".