AZ

Azərbaycanda elektromobil istehsalı gözlənilirmi? – MÖVQE + FOTO

2024-cü ildə Özbəkistanda elektromobil istehsalı zavodu işə düşəcək. Özbəkistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, zavodun istehsal həcmi ildə 10 min avtomobil təşkil edəcək. Qardaş Türkiyədə isə belə bir istehsal müəssisəsi nəinki qurulub, artıq TOGG elektromobillərinin həm ölkə daxilində, həm də xaricdə satışına başlanılıb. Azərbaycanda da belə bir zavodun inşası gözlənilirmi? Bunun üçün bazar, tələbat, infrastruktur varmı?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib ki, Azərbaycanın Neftçalada, Hacıqabul rayonlarında, Naxçıvan Muxtar Respublikasında İran, Cənubi Koreya, Özbəkistan və Çin ilə müştərək avtomobil istehsalı artıq mövcuddur. Ekspertin sözlərinə görə, O deyib ki, hazırkı vəziyyətdə əlavə elektromobil istehsalı zavodunun da inşası ölkəmiz üçün məqsədəuyğun deyil: “Ümumiyyətlə, elektromobil istehsalı məsələsində dünyanın inkişaf etmiş ölkələrinin hansı istiqamətdə, nə kimi nəticələr əldə etdiyinə dair kifayət qədər məlumat yoxdur. Ona görə də bu sahədə ölkəmizdə müvafiq istehsalın yaradılması və təşkil olunmasını zəruri hesab etmirəm. Onsuz da bizdə yerli avtomobil istehsalı sənayesi mövcuddur. Amma bu sahədə hansı, nə kimi müvafiq gəlirlər əldə olunur, bunun ölkə iqtisadiyyatında payı, dövlət büdcəmizdə, mədaxildə əhəmiyyəti nə qədərdir, bu barədə kifayət qədər məlumat yoxdur. Yəni bu istehsal qənaətbəxş sayılmadığından, birdən-birə elektromobil sahəsində də yeni müəssisənin yaradılmasına lüzum görmürəm”.

İqtisadçı qeyd edib ki, elektromobil istehsal edən müəssisə yaratmaqdansa, ilk növbədə xaricdən Azərbaycana idxal olunan elektromobillər üçün tələb olunan müvafiq infrastruktrun ölkəmizdə yaradılması qayğısına qalmaq lazımdır: “İlk öncə bu sahədə tam tələb olunan şəraitin yaradılması mütləqdir. Ondan sonra ehtiyaca, tələbata, bazara uyğun olaraq istehsal barədə də düşünmək olar. Bu gün ölkədə istehlak olunan elektromobillər üçün müvafiq infrastruktur qənaətbəxş səviyyədə deyil. Ona görə də birinci bu məsələni həll etməliyik”.

Vüqar MƏMMƏDOV

Seçilən
425
22
medianews.az

10Mənbələr