AZ

“Çətin ki, Qurban Qurbanov bu üstünlüyü əldən versin” – ilk yarıya sözardı

Futbol üzrə ölkə çempionatında ilk yarı başa çatdı.

"Qarabağ" fasiləyə qış çempionu, "Zirə" 2-ci, "Neftçi" isə 3-cü yerin sahibi kimi yollandı. "Sabah" gözlənilmədən 8-ci pillədə qərarlaşdı. Aralıq yekunlarla bağlı jurnalist təhlilinə ehtiyac duyduq.

“Rekord.az” saytının redaktoru Kənan Məstəliyev "Football-plus.az" saytına bunları dedi:

"Çempionatın ilk yarısı maraqlı keçdi. Açığı, "Qarabağ"ın belə tez liderliyə yüksələcəyinə və ən yaxın izləyicisiylə arada 12 xal fərqi olacağını gözləmirdim. Çünki Ağdam təmsilçisi daha çox avrokubok matçlarına fokuslanmışdı və çempionata da uğurlu başlamamışdı. Komanda həmçinin ilk dövrədə vacib xallar itirdi, 3 məğlubiyyət aldı. Buna rəğmən, "köhlən atlar" toplanaraq ardıcıl qələbələr qazanmaqla liderliyi ələ keçirdi, xal fərqini artırdı. Çətin ki, Qurban Qurbanov bu üstünlüyü əldən versin. "Qarabağ"ın qalan elita təmsilçilərindən ən azı iki baş üstün olması və çempionluğu erkənrəsmləşdirməsi ənənəyə çevrilib. Təbii ki, bu, xoş mənzərə deyil. Amma komanda qitəmiqyaslı yarışlarda uğurlu çıxış etdiyinə, bu mövsüm də Avropa Liqasının qrupundan çıxdığına görə monotonluqla hardasa razılaşırıq. Ümumi götürəndə 2-ci yerlə 10-cu yer arasında xal fərqi çox deyil. 2-3 qələbəylə turnir cədvəli dəyişə bilər. Yəni istənilən orta və aşağı yerlərdə qərarlaşan komandalar ilk "4-lük"də gedən komandalara badalaq vura bilər. "Qarabağ"dan başqa hansısa klubun indidə nəyisə təmin etdiyini demək olmur. Bu gün "Sabah" gözlənilmədən 8-ci pillədə qərarlaşıb. "Qəbələ"nin də hazırda turnir cədvəlinin dibində olması xoş hal deyil. Bölgə təmsilçisi daim ölkə çempionatına rəng qatmaqla yanaşı, avrokubokların qrupunda oynamaqla da tarix yazıb. Amma həm "Sabah"ın, həm də "Qəbələ"nin toparlanacağına inanıran. "Zirə" qış fasiləsinə 2-ci pillədə yollandı. Çoxları bu gün "qartallar"ı qorxaq və müdafiə futbolu oynamaqda günahlandırır. Mən bu yanaşmayla razı deyiləm. Düzdü, Rəşad Sadıqovun komandası yaradıcı futbol sərgiləmir. Amma sırf 11 nəfərlə qapı ağzına çəkilib müdafiə futbolu da oynamır, imkanlarına münasib futbol nümayiş etdirirlər. Hazırda tənqidə ən çox layiq olan "Neftçi"di. Çempionatda ən böyük büdcələrdən birinə malik komanda bizi müsbət tərəfdən təəccübləndirə bilmir, hazırda "Qarabağ"dan 13 xal geri qalır.Anlamaq olmur ki, bu qədər mənasız dəyişikliklərin səbəbi nədi? Adrian Mutunun “sükan arxasına” gətirilməsi yanlış idi. Onun "ağ-qaralar"dan göndərilmsə təqdirəlayiqdi, amma gecikmiş addımdı. İndi Miodraq Bojoviç "Neftçi"yə gətirilib. Savadlı mütəxəssisdi və Mutudan bir neçə baş üstündü. Amma onun məşqçi CV-sində məni narahat edən məqam odur ki, tez-tez komanda dəyişməyə meyillidi. 22 ilə 22 klub dəyişib. Bu onun bir yerdə çox qalmaq bacarığının olmamasından irəli gəlir. Amma ümid edək ki, Bojoviçin taleyi "Neftçi"də elə olmayacaq. İnanmaq istəyirəm ki, yeni baş məşqçiylə "ağ-qaralar" avrokuboklara vəsiqəni təmin edəcək və uğurlu çıxış edəcək. Çempionatımız haqda ümumi fikrim belədi: güclülər dəstəsində rəqabət artsa da, səviyyə artmayıb".

ABDULLA İSMAYILOĞLU
Seçilən
575
50
football-plus.az

10Mənbələr