AZ

Qabriele Çoffi qovuldu, Fabio Kannavaro yeni baş məşqçi oldu

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Udineze” klubu baş məşqçi Qabriele Çoffi ilə yollarını ayırmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə Udine klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Udineze” həm Çoffiyə, həm də onun köməkçilərinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Qabriele Çoffi 2023-cü ilin oktyabr ayında bu komandanın baş məşqçisi təyin olunmuşdu. Bu müddətdə Udine təmsilçisi Çoffinin rəhbərliyi altında 24 oyuna çıxıb. Bu görüşlərdə cəmi 4 qələbə qazanmış “Udineze” 10 oyunda heç-heçə edib, 10 oyunda məğlubiyyətə üzülüb.

Çoffi 2021/2022 mövsümündə də “Udineze”nin baş məşqçisi vəzifəsində çalışıb. Maraqlıdır ki, Çoffi “Udineze”ni həmin dövrdə də 24 oyunda meydana çıxarıb, hər oyunda komandaya orta hesabla 1,24 xal qazandırıb – 9 qələbə, 7 heç-heçə və 8 məğlubiyyət.

Artıq “Udineze”nin yeni baş məşqçisi də məlumdur. Klub rəsmi saytı vasitəsilə Fabio Kannavaronun əsas komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib.

Fabio Kannavaro son olaraq İtaliyanın digər təmsilçisi “Benevento”nu çalışdırıb. O, 2022-ci ilin sentyabrında baş məşqçi təyin olunduğu bu komandadan 2023-cü ilin fevralında ayrılmışdı. İtalyan mütəxəssis Çin yığmasında, “Everqrand”, “Tyanjan”, “Əl-Nəsr” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Xatırladaq ki, “Udineze” 2023/2024 mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Komanda cari mövsümdə keçirdiyi 32 oyunda cəmi 28 xal toplayıb. “Udineze” hazırda A Seriyasının turnir cədvəlində 17-ci sırada qərarlaşıb və elitanı tərk etməyə əsas namizədlərdən biri hesab olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
16
arena.az

10Mənbələr