AZ

Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı işə başlayıb

Tbilisi, 2 may, AZƏRTAC

Bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, mayın 5-dək davam edəcək toplantıda üzv ölkələrdən nazirlər, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, maliyyə qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.

Tədbirdə Azərbaycan Respublikasının maliyyə naziri, AİB-in rəhbərlər şurasının üzvü Samir Şərifov da iştirak edir.

"Gələcəyə körpü" devizi altında keçirilən toplantı iqlim dəyişikliyi, süni intellekt və yaşıllıq da daxil olmaqla Asiya və Sakit Okean regionunun üzləşdiyi əsas inkişaf məsələləri müzakirə olunacaq.

Gürcüstan ilk dəfədir ki, AİB-in illik toplantısına ev sahibliyi edir. Toplantı çərçivəsində müxtəlif tədbirlər, seminarlar, təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılmasına və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir.

Azərbaycan 1999-cu ildə AİB-ə üzv olub. Bankın 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
3
azertag.az

4Mənbələr