AZ

Bakı pravoslavları Pasxa bayramını belə qeyd edirlər

Azərbaycanda yaşayan pravoslavlar bu gün əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.

Publika.az xəbər verir ki, mayın 4-dən 5-nə keçən gecə Bakıda və Azərbaycanın regionlarında yerləşən pravoslav məbədlərində Pasxa ibadətləri keçirilib. Məbədlərə gələnlər ibadət edib, şamlar düzüblər.

Bayram ərəfəsində pravoslav xristianları icmasına təbrik ünvanlayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir.

“Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər”, - deyə dövlətimizin başçısının müraciətində bildirilir.

Bayram ibadəti Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində də olub.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi, baş keşiş Konstantin Pominov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, Azərbaycan ərazisində həmişə çoxsaylı millətlər və xalqlar yaşayıb. Onlar müxtəlif dinə sitayiş ediblər. “Qədim zamanlarda indiki kimi bütün bu xalqlar təkcə dinc yanaşı yaşamırdılar, onlar həm də əməkdaşlıq edir, bir-birinə kömək göstərir, öz övladları və nəvələri naminə bu torpaqda yaşayıb, əkib-becəriblər, ailə qurub, bir-birini seviblər”, - deyə baş keşiş bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
5
publika.az

6Mənbələr