AZ

Bakı Ekspo Mərkəzinin 4 zalını və açıq sahəsini əhatə edəcək sərgilər keçiriləcək

2024-cü ilin may ayında Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək.

Sərgi təşkilatçısının yaydığı məlumatda bildirilir ki, sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.

Bu il, ilk dəfə olaraq Bakı Ekspo Mərkəzində yeni − dördüncü zal istifadəyə verilmişdir. Beləliklə, bu il sərgilərin miqyası daha da genişlənərək, Bakı Ekspo Mərkəzinin bütün 4 zalını və açıq sahəsini əhatə edəcək. Sərgilər ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkəti bir araya gətirəcək. Ötən illə müqayisədə sərgilərin miqyasında 10% artım müşahidə olunur.  

Ümumilikdə sərgilərdə Azərbaycanla yanaşı, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, Ispaniya, Finlandiya , Fransa, Gürcüstan, Hindistan, İran İslam Respublikası, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan şirkətləri iştirak edirlər.

Almaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları kənd təsərrüfatı və qida sənayesi məhsulları ilə təqdim olunacaqdır.

Bu il Türkmənistan və Venesuela sərgidə ilk dəfə iştirak edir. Onların iştirakı kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın coğrafiyasını və miqyasını genişləndirir, təcrübə və texnologiyalar mübadiləsi üçün yeni perspektivlər açır.

Bu gün Azərbaycan da öz növbəsində ərzaq təhlükəsizliyi ilə bağlı bu cür əməkdaşlığa və çağırışlara hazırdır. Bütün iştirakçıların 30%-dən çoxu “Made in Azerbaijan” brendi altında məhsullarını təmsil edən yerli şirkətlərdir. Bu, qlobal kənd təsərrüfatı sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir. Azərbaycan da iqtisadiyyatın şaxələndirilməsi yönündə kənd təsərrüfatı və qida sənayesinə üstünlük verən bir ölkə olaraq bu sektorları fəal şəkildə inkişaf etdirir.

“Caspian Agro” regionun ən böyük kənd təsərrüfatı sərgisidir. Aqrar-sənaye sektoru iqtisadiyyatın sürətlə inkişaf edən və böyük perspektivləri olan sahəsidir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayacaq.

Üç gün davam edəcək “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.

Eləcə də 15-17 may tarixlərində, Bakı Ekspo Mərkəzində Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək.

“InterFood Azerbaijan” − sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətləri üçün distribütorlar və nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərginin təqdimat zonasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Beynəlxalq Aqrar İnnovasiyalar Forumu” təşkil olunacaqdır. Forumda “Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliyində”, “Aqrar Biznes Festivalları və əməkdaşlıq: Beynəlxalq əlaqələr və qarşılıqlı fəaliyyət prinsipləri”, “Kənd təsərrüfatında suya qənaət edən müasir suvarma sistemləri: problemlər və innovativ həllər”, “Sahibkarlığın stimullaşdırılması, yerli istehsala dəstək” və digər mövzular müzakirə olunacaq. 

Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcəkdir.  Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər. Bu sərgilər mühüm tərəfdaşlıqların formalaşdığı bir platforma rolunu oynayır. Bu il də tədbir çərçivəsində yeni əməkdaşlıqlara imza atılacağı gözlənilir. Belə ki, sərgidə “Granot International”, “Agro Food Investments” MMC və “Azərbaycan İnvestisiya Şirkəti” ASC şirkətləri arasında birgə əməkdaşlıq memorandumu imzalanacaqdır.Bununla yanaşı, daha bir əməkdaşlıq memorandumu “TÜRKSAT Uydu Haberleşme”, “R GROUP HOLDING və “Digital Umbrella” şirkətləri arasında imzalanacaqdır.

Bu il sərgidə ilk dəfə olaraq Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcəkdir. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və  yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola bilirlər. Bu il də “Caspian Agro” sərgisinə Azərbaycanın 42 rayonundan, eləcə də Naxçıvan Muxtar Respublikasından fermerlərin qatılması nəzərdə tutulur. Bu rayonlara Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Göyçay, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Saatlı, Sabirabad, Salyan, Şabran, Şəki, Şəmkir, Şamaxı, Siyəzən, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Yardımlı, Yevlax, Zaqatala, Zərdab daxildir. Bu cür turlar fermerlərə qabaqcıl texnologiyalar və yeni sənaye təcrübələri ilə tanış olmaq imkanı yaratmaqla kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Nəticə olaraq, təcrübə mübadiləsi təşviq edilir, bu da öz növbəsində istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edir.

Artıq uzun illərdir ki, “Caspian Agro” sərgisi regionda kənd təsərrüfatının inkişafına və ətraf mühitə təsirin azaldılmasına yönəlmiş yeni texnologiyaların hazırlanmasına və tətbiqinə öz töhfəsini verir. Buna uyğun olaraq, bu il sərgilərdə ətraf mühitə zərərli təsirlərin ixtisar olunması istiqamətində səmərəli yolların axtarışı baxımından kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi (Sustainable Agriculture and Climate Change) konsepsiyası özəlliklə vurğulanacaqdır. Bu konsepsiya aqrar sahədə məhsul istehsalının artırılması və eyni vaxtda ekologiyanın qorunması arasında tarazlığın yaradılmasına yönəldilib. Kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi konsepsiyası sərginin loqosunda da öz əksini tapmışdır.

Sərgilərin tədbirlər proqramı çərçivəsində hər il mütəmadi olaraq keçirilən "Qızıl Şah" Milli Kulinariya Çempionatı baş tutacaq. 2024-cü ildə ilk dəfə olaraq, bu çempionat çərçivəsində “Beynəlxalq Kubok” da keçiriləcək. Ümumilikdə çempionatda 8 beynəlxalq komanda, 24 yerli komanda və 100-dən çox fərdi iştirakçı çıxış edəcək. 3 gün davam edəcək çempionatda 200-dən çox iştirakçı ət, balıq, quş, restoran desertləri, art-klass və s. kateqoriyalar üzrə yarışacaq.

Çempionatın münsiflər heyətində Almaniya, ABŞ, İngiltərə, İsveç, İsveçrə, İtaliya, Qırğızıstan, Monteneqro, Pakistan, Rusiya, Sloveniya, Serbiya, Türkiyə, Özbəkistan, Şimali Kipr, BƏƏ, Xorvatiya və digər ölkələrdən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) hakimləri təmsil olunacaqlar.

Bu hakimlər sırasına məşhur şef, İtaliya Kulinariya Olimpiya komandasının kapitanı Domeniko Maggi, Milli Aşpazlar Gildiyasının və bir çox beynəlxalq peşəkar assosiasiyaların fəxri üzvü Nikolay Baratov və digər məşhur və önəmli aşbazlar daxildir.

Bundan başqa, Milli Kulinariya Çempionatı çərçivəsində yarışlar zamanı müxtəlif ustad dərsləri keçiriləcəkdir. “Worldchefs”dən gələn akkreditasiya olunmuş münsiflər çempionatın iştirakçıları və münsiflər üçün müxtəlif mövzularda seminarlar da təşkil edəcək.

Bu çempionat azərbaycanlı kulinarlara öz peşəkarlıqlarını nümayiş etdirməyə, beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə imkan yaradacaq.

Bununla yanaşı, sərgidə rəssam Məhəmməd Orucovun rəsm sərgisi, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə “Ümid var” xeyriyyə cəmiyyətindən olan uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunacaqdır.

Beləliklə, sərgilərdə iştirak edən şəxslər yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərlə məsləhətləşmək və müxtəlif iştirakçıların təkliflərini nəzərdən keçirmək imkanı əldə edəcəklər.

Sərgiyə olan böyük marağı nəzərə alaraq, 2025-ci ildə keçiriləcək “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri dörd gün davam edəcək. Bu qərar təşkilatçılar tərəfindən biznesin inkişafı üçün geniş imkanlar yaratmaq, iştirakçılar və ziyarətçilər arasında işgüzar əlaqələr qurmaq məqsədilə qəbul edilib. Əlavə gün bütün iştirakçılar üçün yeni üfüqlər açacaq, fikir mübadiləsi aparmaq, yeni əməkdaşlıqlar imzalamaq və qabaqcıl texnologiyalarla tanış olmaq üçün unikal platforma rolunu oynayacaq. “Caspian Agro” 2025 və “InterFood Azerbaijan” 2025 sərgiləri Azərbaycanın və bütün regionun qida və kənd təsərrüfatı sənayesinin inkişafına verdiyi töhfəni davam etdirərək unudulmaz hadisə olacaq.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.

InterFood AzerbaijanCaspian Agro
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
3
marja.az

8Mənbələr