AZ

Şuşa mədəniyyət və turizm mərkəzinə, istirahət məkanına çevriləcək - ŞƏRH

Şuşalıların bir qismi Şuşaya qayıtdı. İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir. Şübhəsizki, bu, ilk karvandır, ardı gələcək.

Şuşaya qayıdış 32 ildən sonra baş tutdu. 1992-ci ildə bir az soyuq, bir az yağmurlu may günlərində, ölüm və əsirlik təhlükəsi qarşısında qalaraq Şuşanı tərk edən şuşalılar axır ki, doğma şəhərlərinə qayıtdı.

Bizə və şuşalılara bu sevinci yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu oldu. Qəhrəman oğullar, tədbirli sərkərdələr, qətiyyətli rəhbər Şuşanı geri aldı. Ali Baş Komandanımız “işimiz Şuşasız yarımçıq qalardı” demişdi və bu iş yarımçıq qalmadı.

Məhz may ayının 8-də şuşalıların bir hissəsinin Şuşaya qayıtması təsadüfi deyil, simvolik məna daşıyır. Dörd il öncəyə qədər 8 may xalqımız üçün matəm günüydü. Bu ildən isə 8 may şuşalıların Şuşaya qayıdışı günüdür və həmişə də belə qeyd olunacaq. Şuşanın qara gününü öz al qanları ilə qırmızı edən oğulların xatirəsi həmişə əziz olacaq.

Cari ilin 8 may tarixində Prezident İlham Əliyev Şuşaya qayıdan şuşalılarla bu şəhərdə görüşüb, söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri şücaətini qeyd edib: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.

Qeyd edək ki, bəli, azərbaycanlıların, şuşalıların Şuşaya dönməsi asan və tez başa gəlmədi. Belə ki, 44 günlük müharibə bir çoxlarına “çox sürətli müharibə” kimi görünə bilər, lakin ona qədər 28 il boyunca əsəb gərən, sonu görünməyən “diplomatik müharibə” də getmişdi. Amma biz o müharibədə bütün şərtlərin əleyhimizə olduğu bir vaxtda da haqqımızdan, qırmızı xəttimizdən geri durmadıq, təmkinlə, hövsələ ilə Zəfər günümüzün başlanğıc anını gözlədik.

Onu da qeyd edək ki, Qarabağ münaqişənin sülh yolu ilə həlli planlarında Şuşa söhbəti yox idi. Vasitəçilərin planlarına görə, Ermənistan və Azərbaycan arasında sülh Azərbaycanın Şuşasız qalacağı təqdirdə baş tutmalıydı. Amma Azərbaycan siyasətçiləri və hərbçiləri bütün məkrli planları pozdular. Son nəticədə şəhərin əsl sahibləri Şuşaya qayıtdılar.

İşğaldan azad olunduğu vaxt Şuşa, ilk görənlər bilir, yarımxarabalıq bir yeridi. 28 il ərzində ermənilər bu şəhərdə yalnız iki neçə bina tikmişdilər ki, o da şəhərdə qarnizon qurmuş hərbçilərin ehtiyacları üçün.

Noyabrın 8-i və bu da mayın 8-i. Bir tarixdə Şuşa azad olundu, digər tarixdə şuşalılar səkkizguşəli ulduzu olan bayraqlarımızla bəzənmiş Şuşaya döndü.

Artıq Şuşada əzəmətli, ultra-müasir binalar tikiləcək. Şuşa mədəniyyət və turizm mərkəzinə, istirahət məkanına çevriləcək.

Dövlətimizin başçısı İlham Əliyev şuşalılarla görüşdə qeyd edib ki, artıq şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyulub: “Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”, - deyə qeyd edib.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
1
sesqazeti.az

10Mənbələr