Bakı metrosunda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması yolu ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri Qırmızı xətt ilə Yaşıl xəttin birləşdiyi Cəfər Cabbarlı və 28 May stansiyalarında xətlərin ayrılmasıdır.
O qeyd edib ki, dünya praktikası da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir.
“İlkin planımıza əsasən, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını ayırmaq nəzərdə tutulur. Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasına qədər davam edəcək, “İçərişəhər” stansiyasından yola düşən qatarlar isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcək. Bununla intervalları qismən azaldacağıq”, - deyə o bildirib.“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov
Bakı metrosu “Dərnəgül” deposunu istifadəyə verməyə hazırlaşır
Hazırda Qırmızı və Yaşıl xətlərə yalnız bir, “Nərimanov” deposunun xidmət göstərdiyini vurğulayan Vüsal Aslanov “Dərnəgül” deposunun istifadəyə verilməsi planlaşdırıldığını qeyd edib.“Bu depo istifadəyə verildikdən sonra Yaşıl xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri “İçərişəhər” və “Xətai” stansiyalarında geridönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar.
Metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir. Yeni nəsil vaqonlardan istifadə edirik və bu vaqonların enerji sərfiyyatı köhnə nəsil vaqonlardan daha çoxdur. Bu həllər növbəli qaydada idarə olunacaq. Yaxın gələcəkdə bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən azalmaları hiss edəcəyik. Bu tədbirlər bütövlükdə bir il yarım, iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə qədər azalda biləcəyik”, deyə sədr bildirib.

Paytaxtda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir
Vüsal Aslanov bildirib ki, 2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metro stansiyası tikiləcək, bununla da 4 kəsişmə stansiyası olacaq.O qeyd edib ki, bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir.
“Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və “dar boğaz”ların həll edilməsi metodları təhlil olunub. Ümumilikdə, ictimai nəqliyyatın bütün sahələri təhlil edilərək Bakı şəhərinin mobillik planı hazırlanıb”, - deyə o bildirib.
V.Alanov həmçinin əlavə edib ki, yeni 10 stansiyanın konseptual yerləri artıq bəllidir.
“Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, Memar Əcəmi stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin kəsişməsi, digəri isə 28 May stansiyasında Qırmızı xətt ilə Yaşıl xəttin kəsişməsidir. Tikiləcək 10 stansiyada isə 4 əlavə kəsişmə olacaq. Bunlar metronun Nizami stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin, Sahil metrosunda Qırmızı xətt ilə Bənövşəyi xəttin, Xətai metrosunda Yaşıl xətt ilə Bənövşəyi xəttin və nəhayət, Həzi Aslanov stansiyasında Yaşıl xətlə Qırmızı xəttin kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərə daha çevik marşrutlarla hərəkət etməyə və sıxlığın azalmasına ciddi təsir göstərəcək”, - deyə o qeyd edib.