AZ

Yeniyetmə oğurluğa görə OBA marketdə girov saxlanılıb?


Sosial şəbəkələrdə yeniyetmənin OBA marketdə girov saxlanılması ilə bağlı iddia yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sözügedən yeniyetmənin anası “Facebbok”da yazıb.
O iddia edir ki, övladı oğurluq etdiyinə görə, OBA Marketin Sabunçu rayonu, Aydınbəyov 9A ünvanında yerləşən mağazasında girov saxlanılıb:
“Mənim oğlum 2 sinif yoldaşı ilə birlikdə OBA marketdən şokalad oğurlayanda tutulub. Hadisə kameraya da düşüb.  Məni işdən çağırdılar və oğlumun etdiyini göstərdilər. Mən övladlarımı atasız, onun-bunun qabağında işləyərək saxlayıram. Oğlumun etdiyi səhvə görə üzr istədim və dəyən zərəri ödəməyi təklif etdim. Mağazanın müdiri 300 manat ödəməli olduğumu dedi. Çarəsizlikdən ağlamağa başladım. Çünki mən aylıq qazancı 500 manat olan adamam. Dedim ki, o qədər pulum yoxdur, təklif etdim ki, biraz aşağı verim. Dedi, ola bilməz, mənə pul gəlməyincə, uşağı buradan apara bilməzsiniz. Telefonumu və şəxsiyyət vəsiqəmi orada qoydum və oğlumu götürüb evə gəldim. Öyrəndim ki, digər uşaqların valideynlərindən 70 manat istəyiblər və onlar bu vəsaiti hələ də ödəməyib. Həmin gün axşam 150 manat tapıb getdim həmin marketə. Yalvardım ki, başqa pulum yoxdur. Dedi, bunu ver, ayın axırına kimi 50 manat da gətirərsən”.
Məsələ ilə bağlı Yeniavaz.com-un müvafiq sorğusuna “OBA” marketlər şəbəkəsindən cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir:
“Ötən gün “OBA” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən “OBA 8” mağazasında, yanvar ayının əvvəlindən başlayaraq yetkinlik yaşına çatmamış 9-cu sinif şagirdinin mağazadan oğurluq etməsi və mağaza müdirinin bunun müqabilində valideyndən pul tələb etməsi ilə bağlı iddia araşdırılıb.
Qeyd etmək istərdik ki, mağazalarımızda təmin edilmiş təhlükəsizlik vasitələrinin dəstəyi ilə müştərilərimizin, mağazalarımızın və əməkdaşlarımızın hüquq və mənafelərini qorumaq məqsədilə daimi nəzarət aparılır.
Təəssüf ki, son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlayıb.
Mağaza müdiri, müştərinin yetkinlik yaşına çatmadığını və həmin andakı emosional, psixoloji vəziyyətini nəzərə alaraq valideynlə əlaqə saxlanmasını tələb edib. İlk olaraq müştərinin böyük qardaşı mağazaya gəlib və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda video görüntüləri izləyib. Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə, xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib.
Valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəymiş zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib”.
Qeyd olunub ki, hadisə ilə bağlı kamera görüntüləri mövcuddur və zəruri görüntülər yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim ediləcək.
Bildirilib ki, mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etməyib.
“Ana bu məsələni öyrəndiyi zaman mağazada uşağını döydü və ağlamağa başladı. Polisə zəng etməməyim üçün çox yalvardı və göz yaşı tökdü. Mən də bir ananın hayqırtısını heçə saya bilmədim. Hər birimiz bu ölkənin vətəndaşıyıq. Bu uşaqlar bizim gələcəyimizdir. Düşündüm ki, uşaq qorxub qaça bilər və özünə hər hansı zərər yetirə bilər. Bu səbəbdən uşağın böyük qardaşı ilə birgə ananın gəlməsini gözlədik.Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək, haqlıykən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kimisə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz”, - qurumdan təqdim olunan mağaza müdirinin sitatında deyilir.
“Qeyd etmək istəyirik ki, bu cür hallar heç bir halda arzuolunan deyil. Lakin mağaza müdiri şəxsi təşəbbüsü ilə müştərinin yeniyetmə olduğunu, valideynin övladının səhvini qəbul etdiyini və ailə vəziyyətini nəzərə alaraq məsələni yerindəcə həll etməyə çalışıb.
Buna baxmayaraq, “OBA” marketlər şəbəkəsi olaraq həm əməkdaşlarımızı, həm də valideynləri və cəmiyyəti uşaqlara düzgün dəyərlər aşılamağa çağırırıq.
Seçilən
7
22
yeniavaz.com

10Mənbələr