Aktivlərinin həcminə görə Azərbaycanda ən böyük bank olan ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdə olub.
Marja xəbər verir ki, bu barədə Abbas İbrahimov özünün sosial şəbəkələrdəki hesablarında paylaşım edib.
Qeyd edilib ki, ABB təmsilçiləri səfər çərçivəsində Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayev, İnvestisiya, sənaye və ticarət naziri Ləziz Qüdrətov, Özbəkistan Mərkəzi Bankının sədr müavinləri Behzod Həmrəyev və Abror Mirzəalimovla, eləcə də bu ölkədə fəaliyyət göstərən müxtəlif bankların, şirkətlərin rəhbərləri ilə görüşlər keçiriblər.
Görüşlərdə ölkənin maliyyə ekosistemi, Özbəkistanın aparıcı banklarının və mövcud fintek şirkətlərinin fəaliyyəti, sektorun digər əsas oyunçuları ilə bağlı müzakirələr aparılıb.
ABB-nin Özbəkistanın maliyyə insitutları ilə əməkdaşlıq imkanları dəyərləndirilib, gələcəkdə bu bazarda iştirak perspektivlərinə nəzər salınıb, Bankın ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına verə biləcəyi mümkün töhfələrə diqqət yönəlib.