Rəsmi Paris Azərbaycanı yenidən Yeni Kaledoniyanın və Fransanın digər dənizaşırı ərazilərinin daxili işinə qarışmaqda və “sabitliyi pozma” əməliyyatlarında günahlandırıb. Azərbaycan isə haqlı olaraq bu əsassız ittihamları rədd edib.
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Bakı Təşəbbüs Qrupunun növbəti dəfə Yeni Kaledoniyada siyasi proseslərə pozucu müdaxiləyə cəhd etdiyini bildirib: “Azərbaycanın bizim ərazilərimizdə bu nəticəsiz cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır”. Fransanın dənizaşırı ərazilər naziri Manuel Vals da Azərbaycanın Fransanın xarici ərazilərinə müdaxiləsini pisləyib. Vals “Ouest-France” qəzetinə müsahibəsində qeyd edib: “Mən Azərbaycanın xarici ərazilərimizə müdaxiləsini və sabitliyi pozan əməliyyatları qətiyyətlə pisləmək istəyirəm. Onlar hamı tərəfindən yekdilliklə qınanmağa layiqdirlər. Bu rejim açıq-aşkar və zərrə qədər tərəddüd göstərmədən bizim bütövlüyümüzə və təməl prinsiplərimizə hücum edir. Bu qəbuledilməzdir”. Rəsmi Bakı, öz növbəsində, Fransa xarici işlər nazirinin Azərbaycan əleyhinə iddialarını qətiyyətlə rədd etdiyini və pislədiyini açıqlayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Jan-Noel Barronun şərhinin Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi olduğunu deyib və Bakı Təşəbbüs Qrupunun fəaliyyətini müdafiə edib: “Məhz Fransa həmişə regional məsələlərə qarışmış və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışmışdır. Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir”. 23-24 yanvar tarixlərində Fransanın dənizaşırı ərazilərindən və Korsikadan olan müstəqillik tərəfdarı hərəkatların nümayəndələri Yeni Kaledoniyada “Beynəlxalq Dekolonizasiya Cəhbəsi”nin təsis qurultayında bir araya gəliblər. Belə bir ümumi azadlıq cəbhəsinin yaradılması barədə razılıq 2024-cü ilin iyulunda Bakıda Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan konqres zamanı əldə edilmişdi. Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədi ilə 2023-cü ilin iyulunda yaradılan Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov qurultaya videomüraciətində “Beynəlxalq Dekolonizasiya Cəbhəsi”nin yaradılmasına və gələcək fəaliyyətinə dəstəyini ifadə edib. O, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini xatırladıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti ötən ilin noyabrında Bakıda COP29 zamanı Fransa və Niderlandı neokolonializmdə ittiham etmiş, Makron rejiminin Yeni Kaledoniyada etirazlar zamanı etirazçılara qarşı cinayətlər törətdiyini, insan hüquqlarını pozduğunu qeyd etmişdi. Digər tərəfdən, bu il yanvarın 21-də Bakıda həmçinin Fransanın dənizaşırı departamenti Reyunyona həsr edilmiş “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans keçirilib. Xatırladaq ki, Azərbaycan-Fransa münasibətlərinin Fransanın Ermənistanı dəstəkləməsinə görə pisləşməsi fonunda Paris son aylarda dəfərlərlə Bakını Yeni Kaledoniyanın və digər dənizaşırı ərazilərin daxili siyasətinə qarışmaqda ittiham edib. Ən son yanvarın 6-da Parisdə səfirlər konfransında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron Fransanın əksər dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada Azərbaycan tərəfindən “qəbuledilməz müdaxilələrlə” hücuma məruz qaldığını deyib. Rəsmi Bakı cavab olaraq Fransa prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamalarının qəbuledilməz olduğunu bildirib və Fransanı Cənubi Qafqaz regionunda sabitliyi pozmaqda günahlandırıb. Rəsmi Paris 2024-cü ilin mayında Yeni Kaledoniyada baş verən iğtişaşlar fonunda Azərbaycanı müdaxilədə günahlandırmış, Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə Dövlət xidməti - “Viginum” Azərbaycanın sosial şəbəkələrdə Fransanı hədəf alan qaralama kampaniyası apardığını bildirmişdi. Bu cəfəng iddialara yerli televiziya kanallarına müsahibəsində toxunan prezident İlham Əliyev bildirib. Dövlət başçısı xatırladıb ki, Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürüb: “Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb”.
Samirə SƏFƏROVA