AZ

Bu sadəcə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə deyildi - ÖZƏL

"Prezident İlham Əliyevin yanında keçirilmiş nəqliyyatla bağlı müşavirə sadəcə olaraq Azərbaycanın, xüsusən də Bakı və ətrafının nəqliyyat məsələlərinə həsr edilməmişdi. Bu, əslinə qalanda geosiyasi məsələlərin də müzakirə olunduğu bir müşavirə idi". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Özəlliklə, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması, bizim üçün həyati əhəmiyyət daşıyan Zəngəzur dəhlizi ilə bağlı cənab Prezident olduqca birmənalı fikirlər səsləndirdi və düşünürəm ki, bu fikirlər Ermənistan rəhbərliyinin diqqətinə çatıb və onlar bundan nəticə çıxarmalıdırlar. Yəni  Azərbaycan artıq bundan sonra öz torpağına getmək üçün sağdan, soldan yol axtarmaq məcburiyyətində qalmamalıdır. Ermənistan dövləti bu məsələdə Azərbaycana doğru addım atmalı və elə bizim üçün də, onlar üçün də məqbul olan şəkildə Zəngəzur dəhlizinin fəaliyyətinə imkan yaratmalıdır. Yəni bu dəhliz qurulmalı  və fəaliyyətə başlamalıdır. 
Ümumiyyətlə, cənab Prezident həm də Azərbaycanın bölgədə nəqliyyat qovşağı olmasına xüsusi diqqət çəkdi. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi ilə bağlı fikirlərini dilə gətirdi və xatırlatdı ki, bir vaxtlar Amerika Birləşmiş Ştatları bu yolun çəkilməsinə qarşı idi. Ümumiyyətlə, Qərb əlindən gələn yaramazlığı edirdi ki, bu yol alınmasın. Amma Azərbaycan dövləti öz istəyində təkidlə irəli getdi və bu yolu da gerçəkləşdirmiş oldu və təbiidir ki, burada artıq Azərbaycan ərazisində son illərdə tikilmiş və ya bərpa edilmiş səkkiz beynəlxalq aeroportdan danışıldı. Eyni zamanda, Laçında bu il açılması gözlənilən doqquzuncu beynəlxalq hava limanı haqqında da fikirlər səsləndirildi. Bütün bunları və buna bənzər fikirləri nəzərə alsaq, bu, sadəcə olaraq Bakı və ətrafının, yaxud da ki, Azərbaycanın hansısa şəhərləri arasında nəqliyyat məsələlərinə həsr olunmuş bir müşavirə deyil, əslində daha çox geosiyasi məsələlər, xüsusən də bizim bölgəmizlə bağlı gəlişmələrə işıq tutan bir müşavirə idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
62
43
olaylar.az

10Mənbələr