Bakı,TurkicWorld
Suriyanın rəsmi olaraq prezidenti elan edilən Əhməd Əl Şaraa xaricə səfərlərinə başlayır.
TurkicWorld xəbər verir ki , ilk səfərini Səudiyyə Ərəbistanına edəcək Əhməd Əl-Şaraa daha sonra Türkiyəyə gələcək.
Şaraanın Prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcəyi Türkiyə səfərinin əsas müzakirə mövzusu PKK/YPG terror təşkilatının Suriyadakı fəaliyyəti olacaq. Şaraanın keçən həftə planlaşdırılan səfəri protokol məsələlərinə görə təxirə salınmışdı. Səfərin təqvimi, Şaraanın prezident elan edilməsi ilə dəqiqləşdirilib. Onun yaxın iki həftə ərzində Türkiyəyə gələcəyi gözlənilir.
Xatırladaq ki, 2024-cü il dekabrın 8-də Suriyada Əsəd rejiminin süqutundan sonra qurulan yeni keçid hökumətinə çoxsaylı diplomatik nümayəndə heyətləri səfər etsə də, indiyədək heç bir dövlət başçısı ölkəyə baş çəkməmişdi. Lakin dünən Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani Suriyanın paytaxtı Dəməşqə səfər edərək, Əsəd rejiminin devrilməsindən sonra şəhərə gələn ilk dövlət başçısı oldu.
Səhər saatlarında Dəməşq hava limanına çatan Qətər əmirini və onu müşayiət edən nümayəndə heyətini Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şaraa, xarici işlər naziri Əsəd Həsən Əl-Şabani və müdafiə naziri Murhaf Əbu Qəsra qarşılayıb. Qətər nümayəndə heyətinin tərkibində xarici işlər üzrə dövlət naziri Məhəmməd Əl-Xəlifi də yer alıb. Səfər çərçivəsində Şaraa və Əl Sani arasında görüşlər keçirilib, eyni zamanda nümayəndə heyətləri arasında da müzakirələr aparılıb