Müasir istehlak bazarında bahalı məhsullara maraq getdikcə artır.
Xezerxeber.az xəbər verir ki, bəzi alıcılar yüksək qiyməti keyfiyyət göstəricisi hesab edirlər. Xüsusilə qida, geyim, texnologiya və kosmetika sahəsində brend mağazalardan, premium xidmətlərdən yararlanmağı və ya brend olmayan markalar arasında ən baha olan məhsulu almağı üstün tuturlar.
Maraqlıdır, bəs qiymət həmişə keyfiyyəti müəyyən edir?
Marketinq üzrə mütəxəssis Marat Namazov deyir ki, məhsulun qiyməti müəyyənləşdirilərkən keyfiyyət onun onlarla göstəricilərindən sadəcə biri hesab olunur.
İnsanlar daha bahalı məhsulların cəmiyyət içində statuslarını yüksəldəcəyini düşünürlər. Bundan başqa, ucuz məhsullarla bağlı “keyfiyyətsizdir” fikri də insanları bahalı seçimlərə yönləndirir. Marketoloqun sözlərinə görə, bu yanaşma əsasən psixoloji amillərlə bağlıdır. Yüksək qiymətli məhsullar insanlarda daha etibarlı və davamlı təsiri yaradır. Reklam və marketinq strategiyaları da bu yanaşmanı gücləndirir.
Mütəxəssis bildirir ki, baha olan hər məhsul keyfiyyətli deyil. Bəzi hallarda orta qiymət seqmentində olan məhsullar daha keyfiyyətli ola bilər. Məsələn, qida sektorunda bəzən adi, brend olmayan məhsullar da tanınmış markalarla eyni keyfiyyətdə olur, lakin daha sərfəli qiymətə satılır. İstehlakçılar seçim edərkən qiymətdən çox məhsulun tərkibinə, istehsal texnologiyasına və real müştəri rəylərinə diqqət yetirməlidirlər. Əks halda, sadəcə baha olduğuna görə məhsul almaq həm maddi itkiyə, həm də gözlənilən keyfiyyəti ala bilməməyə səbəb ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.