AZ

Özünə inam, sabaha ümid - onları birləşdirən dəyər -  REPORTAJ

Bakı, 31 yanvar, Aytac Haqverdiyeva, AZƏRTAC

Erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında pozuntularla özünü göstərən ümumi inkişaf problemi olan autizm bütün dünyada geniş yayılıb. Bu sindrom nəticəsində üzə çıxan simptomlarla əlaqədar bəzən autizmli uşaqlar arasında xüsusi istedadların olduğuna inanmırlar. Lakin onların arasında öz maraqlarına uyğun sahələrdə uğurlar qazanan və heç də başqalarından geri qalmayanlar var.

AZƏRTAC-ın əməkdaşı autizm mərkəzlərinin birində olub, xüsusi istedada malik uşaqlar barədə reportaj hazırlayıb.

Autizmli uşaqların qatıldığı kursda onlar üçün keçirilən dərslərlə yaxından maraqlandıq. Ən çox maraq doğuran autizm diaqnozu qoyulan uşaqlarda xüsusi bacarıqların necə kəşf edildiyi və formalaşdırıldığı oldu.

İlk müsahibimiz kursun idman üzrə mütəxəssisi Kənan Həşimli bizi 14 yaşlı Talıb və 15 yaşlı Ayxanla tanış etdi. O, üç ildir ki, hər iki gənclə stolüstü tennis üzrə məşğul olur. Üç yaşında autizm diaqnozu qoyulan Talıbın ailəsi həmin dövrdən onu idman məşğələlərinə cəlb edib. Autizmlə əlaqədar hiperaktivlikdən əziyyət çəkməsi Talıba həmin məşğələlərdə bacarıqlarını inkişaf etdirməkdə kömək olub. İdmanın bir çox növündə özünü sınayandan sonra stolüstü tennisin ona ən uyğun olduğuna qərar verib. Nitq qüsuru olsa da, o, öz bacarığını stolüstü tennisdə qazandığı uğurlarla ifadə edib. Kənan müəllimin fikrincə, həm Talıb, həm də yarışlara yeni qoşulan Ayxan stolüstü tennisdə sağlam uşaqlardan heç də geri qalmırlar: “Talıb Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən stolüstü tennis yarışında birinci yerə çıxıb. Onun qazandığı bu uğur təkcə ailəsini deyil, bizi də sevindirir. Mən autizmli uşaqlarla məşğul olmazdan əvvəl, sağlam uşaqlarla da işləmişəm. Açıq deyə bilərəm ki, Talıb və Ayxanın bu sahədəki bacarıqları onlardan heç nə ilə fərqlənmir”.

Kənan müəllim Talıb kimi Ayxanın da uğurlarına inanır. Kursda olarkən onların bir-biri ilə güzəştsiz mübarizəsini izləmək imkanımız oldu. Onlar olduqca diqqətli və sinxron oynayırdılar. Talıb və Ayxanın yarışı gərgin mübarizə şəraitində keçirdi. Arada Kənan müəllim onlara məsləhətlər verir, hər iksini mübarizəyə həvəsləndirirdi. Gənc tennisçilər çox yaxşı təsir bağışlayırdılar...

Mərkəzdə rəsm otağına da üz tutduq. Bizi rəsm müəllimi Gülər Əliyeva ilə birgə balaca Amid qarşıladı. Gülər müəllimin dediyinə görə, Amid öz fikir və düşüncələrini çəkdiyi rəsmlərlə ifadə etməyi sevir. Rənglər onu sakitləşdirir və Amidin bu hobbisi bəzi kriz hallarında valideynlərinə də olduqca kömək olur. Təbiət lövhələri, peyzajlar çəkməyi çox sevən Amid bəzən saatlarla rəsm otağından çıxmaq bilmir və çəkdiyi şəkillərinin üzərində işləyir. Çəkdiyi rəsmləri, əl işlərini bizə göstərən Amid öz yaradıcılıq məhsulları ilə sanki qürur duyurdu. Autizmli uşaqlarda tez-tez kriz halları yaşanmasının mümkün olduğunu deyən Gülər müəllim, Amiddə rəsmə olan bağlılıq sayəsində həmin halın getdikcə azaldığını düşünür: “Rəsm dərslərində rənglərdən istifadə uşaqların çoxunun diqqətini çəkir. Boyalarla oynamaq, rəsm dərslərində onları yerli-yerində istifadə etmək kursdakı uşaqları sakitləşdirir. Eyni zamanda, autizmin əsas əlamətlərindən biri olan diqqət probleminin həlli üçün ideal metodlardan biri sayılır”.

Mərkəzdə fəaliyyət göstərən kurslarda öz qabiliyyətlərini nümayiş etdirmək istəyən çoxlu uşaqla tanış oluruq. Burada idmanın digər növlərində də özlərini inkişaf etdirməyə çalışan uşaqlar var. İdman müəllimi Babək Qələmzadə bizi kursda xüsusi fəallığı ilə seçilən İsmayıl və Cəlalın uğurları ilə tanış etdi. O, uşaqların hər ikisinin idmanda üçlü, dördlü hərəkətlər adlandırılan çətin bir növü çox asanlıqla öyrəndiklərini, hətta bir müddət sonra kursun digər uşaqları üçün örnək olduqlarını dedi. İdman müəlliminin sözlərinə görə, bu sahədə inkişaf etmək üçün bəzən autizmli uşaqlara çox uzun vaxt lazım gəlir. Ancaq İsmayıl və Cəlal öz istedadları ilə qarşıya qoyulan hədəfə və məqsədə çatmağın mümkün olduğunu sübut edir.

Sonra uşaqların kulinariya dərslərini izləmək üçün digər otağa keçirik. Menyuda İtaliya mətbəxindən pizza var idi. Uşaqlar öz müəllimləri ilə birlikdə pizza hazırlamaq üçün lazım olan bütün ləvazimatları doğradılar, hətta xəmir açdılar. Kulinariya dərslərində tərəvəzləri doğramaq və digər məqamlar onlarda gündəlik həyat vərdişlərinin formalaşmasına kömək edir. Öyrəndik ki, bəzi valideynlər övladlarının sırf bu sahə üzrə ixtisaslaşmasını istəyirlər. Onların kursda öyrəndikləri uşaqlara günlük həyatlarında dəstək olur və heç kəsin köməyi olmadan öz işlərini görməyə şərait yaradır.

Mərkəzdə uşaqların hazırladığı kiçik şouproqrama da baxdıq. Milli geyimdə rəqs edən Talıb və Elmiranı pianinoda 10 yaşlı Cavidan müşayiət edirdi. Daha sonra uşaqlar şeirlər və musiqi nömrələri ifa etdilər. Müəllimləri deyir ki, musiqi məşğələləri autizmli uşaqlar üçün təbii sakitləşdirici amildir.

Kursun rəhbəri Xəyalə Abbaszadə dedi ki, 4 yaşında olarkən onun da övladına autizm diaqnozu qoyulub: “Həmin hissi yaşadığıma görə valideynləri yaxşı başa düşürəm. Burada əsas məsələ uşaqlara güvənmək, onun bacaracağına inanmaqdır. Övladım idman üzrə keçirilən bir çox yarışda iştirak edib və onun qazandığı medallar uşaqların uğurlarının nümayiş olunduğu guşədə yerləşdirilib. Eyni zamanda, uşaqların rəqs, musiqi, rəsm və digər sahələrdə göstərdiyi yüksək qabiliyyət göz önündədir”.

Sonda kursun rəhbəri mövzunun işıqlandırılması və autizm diaqnozu qoyulan uşaqların istedadlarını nümayiş etdirməkdə onlara dəstək olduğumuz üçün AZƏRTAC-a təşəkkürünü ifadə edib. Uşaqların AZƏRTAC üçün birlikdə hazırladıqları tablo isə çəkiliş komandamıza təqdim olundu. Bu tablonu izləmək hər birimizdə xoş duyğular oyatdı...

Bu sindrom müxtəlif səbəblərə bağlı olaraq ortaya çıxan kompleks inkişaf pozuntusudur. Autizmin ağır və yüngül dərəcələri var. Əsas xüsusiyyətləri nitqi qavramamaq, özünəqapanma, mümkün dəyişikliyə kəskin reaksiya vermək, eyniliyi davam etdirməyi tələb etmək, zaman və məkan anlayışlarının olmaması, insanlarla sosial münasibətlərin zəif olmasıdır.

Xatırladaq ki, dünyada 70 milyon insan autizmdən əziyyət çəkir. Qeyri-rəsmi statistikaya görə, ölkəmizdə təxminən 5 minə yaxın uşaq və yeniyetmə autizm sindromludur və onların sayı artmaqda davam edir. Bu səbəbdən valideynlər autizm sindromu ilə bağlı maariflənməli və onun ilkin əlamətlərini bilməlidirlər.

 

Seçilən
27
1
azertag.az

2Mənbələr