AZ

İsrail ordusu Bəqa vadisinə hava hücumları həyata keçirib

 

İsrail ordusu atəşkəsə baxmayaraq Livanın şərqində yerləşən Bəqa vadisinə hava hücumu həyata keçirdiyini açıqlayıb. Ordunun yaydığı yazılı bəyanatda gecə saatlarında Bəqa vadisində bir neçə hədəfə hava zərbələri endirildiyi bildirilib. Açıqlamada hədəfə alınan mövqelərin "Hizbullah" qruplaşmasına aid olduğu və zərbə endirilən yerlər arasında Livan-Suriya sərhədində silah qaçaqmalçılığı üçün istifadə edildiyi iddia edilən infrastruktur obyektlərinin də olduğu qeyd edilib. 

Hücumlar nəticəsində itkilərin olub-olmadığı barədə Livan rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, Livan ilə İsrail arasında 27 noyabrda atəşkəs razılaşması əldə olunmuşdu. Bu çərçivədə İsrail ordusunun 60 gün ərzində Livanın cənubunda işğal etdiyi mövqelərdən geri çəkilməsi tələb olunurdu. Lakin İsrail Livan ordusunun ölkənin cənubunda tam yerləşmədiyini iddia edərək işğal müddətini 18 fevral tarixinədək uzatmışdı. 

Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrail ordusunun 26 yanvardan bəri həyata keçirdiyi hücumlarda 26 nəfər həlak olub, 206 nəfər isə yaralanıb.



Seçilən
18
trt.net.tr

1Mənbələr