AZ

İnformasiya müharibəsinin ön cəbhəsində

Müasir cəmiyyətimizin hərtərəfli tərəqqisində, qazandığımız uğurlarda və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində milli gəncliyimizin rolu çox böyükdür. Azərbaycan gəncliyi xalqa, milli-mənəvi dəyərlərə sadiqliyi, yüksək vətənpərvərlik ruhu ilə seçilmişdir və seçilməkdədir. Gənclərimiz sözsüz ki, xalqımızın gələcəyidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin milli ruhda formalaşmasında mühüm rol oynayır. Ulu Öndər gənclərimiz haqqında yüksək fikirlər bildirərək qeyd edirdi ki, onlar fiziki sağlamlığa, yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olmalıdırlar. Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır. Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə xalq üçün faydalı olsun. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və hər ilin bu günü ölkəmizdə xüsusi coşğu ilə qeyd edilir. Ölkəmizdə gənclər forumlarının təşkili onların hərtərəfli inkişafına öz töhfələrini verir. Cənab İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi əlamətdar hadisə və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu davamı idi. Dövlət başçımızın gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Bu istedadlı gənclərə dövlət qayğısının bariz göstəricisi idi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşan Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq misilsiz şücaət və tayı-bərabəri olmayan qəhrəmanlıqlar göstərdi. Ölkə başçımız 2 fevral 2022-ci il tarixində gənclər günü ilə əlaqədar etdiyi çıxışında qeyd edirdi: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.

Müasir dövrdə informasiya müharibəsinin ön  cəbhəsində Azərbaycan gəncliyi mətin dayanır. Artıq hər birimiz qürur hissi ilə qeyd edirik ki, müxtəlif şəhərlərimizdə və rayonlarımızda gənclər evləri və mərkəzləri səmərəli şəkildə fəaliyyət göstərməkdədir. Yeniliklərə daim açıq olan Azərbaycan gəncliyi Dördüncü Sənaye İnqilabı dövrünün çağırışlarına əzmlə cavab verir. Gənclərimizin rifahına xidmət edən əsas Dövlət Proqramları bu prosesə öz müsbət təsirlərini göstərir və xalqımız tam əmindir ki, Azərbaycan gəncliyi Vətənimizin parlaq gələcəyinə öz layiqli töhfələrini verəcək.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Seçilən
41
ikisahil.az

1Mənbələr