AZ

"Bundan ən çox əziyyət çəkən, əlbəttə ki, Ermənistan olacaq" - Rəşad Bayramov

“Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının müddətinin 2027-ci il fevralın 19-dən uzadılması ilə bağlı qərar təsdiqlənib. Buna əsasən, missiya daha iki il Ermənistanın sərhəd ərazilərində monitorinq aparmağa davam edəcək. Həmçinin müşahidəçilərin say tərkibinin dəyişməz qalması da razılaşdırılıb. Hazırkı missiyada 165 beynəlxalq və 44 ermənidən ibarət heyət fəaliyyət göstərir. Bakının İrəvandan dəfələrlə missiyanın fəaliyyətinin sonlandırılmasını tələb etməsinə rəğmən qərarın dəyişməməsi, birmənalı qarşılanmayıb. Bu qərar Qərbin regionda qarşıdurma, gərginlik yaratmasına xidmət edən addım kimi dəyərləndirilir”.

“Şübhəsiz ki, Avropa İttifaqı müşahidə missiyasının əsas məqsədi Cənubi Qafqazda sülhün təmin olunması deyil. Hazırda bu missiya yalnız Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarını təmin etmək məqsədilə fəaliyyət göstərir. Missiyanın yaradılmasının məqsədi rəsmi olaraq Azərbaycan-Ermənistan sərhədində stabilliyin qorunması və sülhə yönəlik addımların atılması kimi göstərilsə də, missiyanın fəaliyyəti bu çərçivə ilə məhdudlaşmır. Aİ müşahidə missiyasının fəaliyyətinin genişlənməsi, məsələn, Rusiyanın hərbi bazası olan Gümrü, Türkiyə və İran sərhədlərində də müşahidə aparması faktı, missiyanın əslində Ermənistan sərhədlərində kəşfiyyat məlumatlarının toplanmasına yönəldiyini və gələcəkdə bu missiyanın hərbi bir missiyaya çevrilməsi üçün hazırlıq görüləcəyini göstərir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq qeyd edib ki, Ermənistanın sürətlə silahlandırılması da bu kontekstdə diqqət çəkir.

“Çünki ötürülən silah və texnika, faktiki olaraq, gələcəkdə Aİ-nin hərbi missiyasının silah tədarükü rolunu oynayır. Bundan başqa, müşahidə missiyasının sərhəd bölgələrində zaman-zaman görünməsi, həm də Ermənistanın zəif nöqtələrinin müəyyənləşdirilməsi və erməni silahlı qüvvələrinə bu istiqamətlərdə möhkəmlənmək üçün müvafiq təkliflərin verilməsi deməkdir. Bununla yanaşı, missiyanın digər bir məqsədi də Ermənistanın şərti sərhəddə mümkün təxribatlara hazırlanması və Azərbaycanın cavab tədbirləri fonunda beynəlxalq ictimaiyyətdə Ermənistanın təhlükəsizliyi ilə bağlı yanlış rəy formalaşdırmaqdır. Məsələnin digər tərəfi isə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmamasının əsas səbəblərindən birinin Avropa İttifaqı müşahidə missiyasının sərhədlərdən uzaqlaşdırılması məsələsi olmasıdır. Əgər Avropa İttifaqı və Ermənistan bu missiyanın mandatını uzatmaq qərarına gəlirsə, bu, faktiki olaraq, Ermənistanın sülhdən yayınması deməkdir. Müvafiq şərtlər və müddəalar razılaşdırıla bilmirsə və Ermənistan konkret addımlar atmaq əvəzinə missiyanın uzadılmasına tərəfdar çıxırsa, bu, Ermənistanın sülhə hazır olmadığını göstərir. Bunun da əsas səbəbi, Aİ-dəki aparıcı qüvvələrin Ermənistanın sülh istiqamətində real addımlar atmasına mane olmalarıdır. Ümumiyyətlə, Avropa İttifaqının qərarı, Azərbaycanla Ermənistan arasındakı münasibətləri yaxşılaşdırmağa deyil, daha da gərginləşdirməyə xidmət edir və bundan ən çox əziyyət çəkən, əlbəttə ki, Ermənistan olacaq”.

Rəfiqə NAMAZƏLİYEVA

Seçilən
54
29
aznews.az

10Mənbələr