AZ

Kilsədən "şam vergisi" Ermənistanı qarışdırdı...

Image

Ermənistan hakimiyyəti ilə kilsə arasında münasibətlər yenidən özünün gərgin məcrasına qədəm qoyur. Bu dəfə də bəhanə kimi şam məsələsi ortaya atılıb.

Xatırladaq ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə Erməni Apostol Kilsəsinin iqtisadi fəaliyyətinin qeyri-şəffaflığını problem hesab etdiyini bildirib: “Diaspor nümayəndələrindən biri hökumətlə kilsə arasında hansı problemlərin olduğunu soruşub. Ona dedim ki, məncə, kilsə şəffaf olmalıdır. Hamı hökumətdən şəffaflıq gözləyir. Biz bu tələblə razıyıq, bəs niyə kilsə qeyri-şəffaf olmalıdır?”. Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satırsa, vergi ödəyirsə, bəs niyə kilsə şam satanda vergi ödəmir?. O, daha sonra bildirib: “Amma biz bu pulları büdcəyə göndərmək fikrində deyilik, hamısını son qəpiyinə qədər kilsəyə qaytaracağıq”. Baş nazir, həmçinin kilsənin fəaliyyəti dövlətdən ayrı olduğu üçün bütün ermənilərin katolikosu II Qaregini dəyişmək məqsədi güdmədiyini vurğulayıb. Məsələ ilə bağlı erməni ekspert Parqev Barseqyan qeyd edir: “Mən hakimiyyətin bu işdə nəyə nail olmağa çalışdığını birmənalı şəkildə söyləməkdə çətinlik çəkirəm. Bəzən Ermənistanın indiki hakimiyyətinin addımları məntiq çərçivəsinə sığmır. Görünən odur ki, bu, ya düşünülmüş, məqsədyönlü siyasətdir. ya da ölkə qanunvericiliyini elementar bilməməyin nəticəsidir”. Onun sözlərinə görə, Ermənistanda dövlət-kilsə münasibətləri Konstitusiya, vicdan azadlığı və dini qurumlar haqqında qanun, çərçivəni aydın şəkildə formalaşdıran Ermənistan Respublikası ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər haqqında qanunla tənzimlənir: “Bundan əlavə, xüsusi olaraq bildirilir ki, ritual aksesuarlarının (buraya şam da daxildir) istehsalı və satışı vergiyə cəlb olunmur. Qlobal müstəvidə dövlət-kilsə münasibətlərində heç bir mübahisəli məsələ yoxdur. Bütün problemlər fərdiləşdirilib və daha doğrusu, Ermənistan Nazirlər Kabinetinin rəhbərinin katolikosla şəxsi münasibətləri müstəvisindədir. Kilsəmizin bütün mövcudluğu dövründə, hətta Osmanlı İmperiyasında, ərəb və ya fars hakimiyyəti illərində Erməni Apostol Kilsəsini güzəştli şərtlərlə müstəqil şəkildə dini atributlar hazırlamaq hüququndan məhrum etməyə çalışdıqları heç bir dövrü xatırlamıram”.

Kilsələrin vergiyə cəlb edilməsi məsələsində dünya təcrübəsinə toxunan Barseqyan qeyd edib ki, Qərbdə erməni qanunlarına oxşar qanunlar mövcuddur: “Bu qanunlara əsasən, kilsə şamları bizdə olduğu kimi, iqtisadi fəaliyyətin məhsulu hesab edilmir və vergiyə cəlb edilmir. Bundan əlavə, bir çox inkişaf etmiş Avropa ölkələrində kilsələrə xüsusi münasibət var, hətta dövlətdən subsidiyalar da alırlar”. Bu arada qondarma “erməni soyqırımı” ilə bağlı məsələ də Erməni Apostol Kilsəsi ilə Paşinyan arasında nifaqa səbəb olub. Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə bildirib ki, ermənilərin Osmanlı İmperiyasındakı “soyqırımı” məsələsi yenidən araşdırılmalıdır: “Biz “erməni soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə “soyqırımı” gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu”. Daha əvvəl  Paşinyan qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, “erməni soyqırımı”nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil. Hakim “Vətəndaşı müqaviləsi” fraksiyasının üzvü Arsen Torosyan da qeyd edib ki, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır: “Bunun bütün dünya tərəfindən tanınması hər bir ölkənin öz qarşısında qoyduğu universal bir sualdır. Bu müxtəlif ölkələr üçün sualdır. Bu, Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır”. Torosyan hesab edir ki, Türkiyənin nə vaxtsa “erməni soyqırımı”nı tanıyacağına dair real olmayan ümidlərlə yaşamağı dayandırmağın vaxtı çatıb:

“Ermənistan Respublikasında buna görə yaşayırıqsa, mən razı deyiləm. Ermənistan Respublikası – öz vətəndaşlarının rifahını, firavanlığını, təhlükəsizliyini və bütün digər atributlarını təmin etməlidir. Daha heç nə. Əgər Ermənistan qarşısında başqa məqsədlər qoyuruqsa, sadaladığım hər şeyi şübhə altına almış oluruq. Biz öz sərhədlərimizdən kənara baxmağı dayandırmalıyıq. Biz öz ölkəmizə, əlimizdə olanlara, bütün atributları ilə beynəlxalq səviyyədə tanınan dövlətimizə diqqət yetirməliyik”. İqtidaryönlü deputat tənqidlərə baxmayaraq, bu barədə danışmağı vacib hesab edir, çünki bunu başa düşmək gələcəkdə oxşar risklərin neytrallaşdırılmasına gətirib çıxaracaq: “Bizə qarşı “soyqırım” törədən ölkə bizim qonşumuzdur. Onlardan heç yerdə qaça bilmərik. Onlarla münasibət qurmaq istəyirikmi?  Bəli, düşünürəm ki, biz bunu edirik”. Elə bu fonda erməni katolikosu I Aram hakimiyyətin, o cümlədən  Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı bəyanatını tənqid edərək, belə bir yanaşmanın Türkiyəni lehinə olduğunu bildirib. O  qeyd edib ki, Ermənistanın baş naziri faktiki olaraq “soyqırım” məsələsini  müzakirə predmetinə çevirib: “Türkiyə hakimiyyəti faktiki olaraq tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasını təkidlə təklif edib”. I Aram bunu təhlükəli hesab edir: “Çünki bu, bütün dünyada ermənilər arasında parçalanma yarada bilər”.

Samirə SƏFƏROVA





Seçilən
16
baki-xeber.com

1Mənbələr