AZ

Bakıda yeni piyada zonaları YARADILIR – Bu ərazilərə avtomobil BURAXILMAYACAQ

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Dövlət Proqramında yaxın 5 ildə Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və piyadaların rahat hərəkəti üçün görüləcək işlərin anonsu verilib. Maraqlıdır ki, Dövlət Proqramına əsasən yaxın 5 ildə Bakıda xeyli sayda piyada zonaları yaradılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Səkilərin zəbt edilməsinə qarşı zəruri tədbirlər GÖRÜLƏCƏK


Bəs, yeni piyada zonaları hansı ərazilərdə yaradıla bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Yasin Mustafa bildirib ki, piyada yönümlü şəhərlər üçün piyada zonaları çox vacibdir:

“Amma bunun da öz çətinlikləri var. Bu yaxınlarda Xaqani bağında və Qoşa qala qapısı ətrafında piyada zonası yaradıldı. Bu layihənin icrası zamanı müəyyən problemlər ortaya çıxdı. Lakin piyada zonalarının olması yerli sakinlər və turistlər üçün vacibdir.

Hesab edirəm ki, Fəvvarələr meydanından üzü Qış parkına olan ərazidə yeni piyada zonası yaratmaq olar. Çünki bu ərazidəki bir neçə yol paraleldir. Yəqin ki, paralel yolların bəzilərini ləğv etməklə bu ərazidə piyada zonası elan ediləcək. Düşünürəm ki, Qış parkından Elmlər Akademiyası istiqamətində də müəyyən piyada zonaları yaradılacaq. Bu zonalar hesabına ərazidə olan universitetlərə rahat piyada gediş-gəlişi təmin oluna bilər”.

Nəqliyyat üzrə ekspert Aslan Əsəd isə qeyd edib ki, Bakı şəhərində piyada zonaları əsasən iri parkların ətrafında yaradıla bilər:

“Məsələn, Dədə Qorqud parkının, “Sovetski” ərazisində salınmış parkın, Gənclik metrostansiyasının yaxınlığında salınacaq parkın və digər istirahət yerlərinin ətrafında yeni piyada zonaları yaradıla bilər. Yeni parkların salınması həm də yeni piyada zonalarının yaradılmasına imkan verir. Məlumdur ki, Baş Plana əsasən Bakının 6 istiqamətində yeni parklar salınacaq. Məhz bu parkların ətrafında geniş piyada zonaları yaradıla bilər”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
43
11
bizim.media

10Mənbələr