AZ

HƏMAS-ı bitirməyin ən asan yolu Qəzzanı sökməkdir - ŞƏRH

Trampın məqsədlərindən biri müstəqil Fələstin dövlətinin yaranmasına mane olmaqdır

ABŞ Prezidenti Donald Tramp fələstinlilərin ərəb ölkələrinə sürgün təklifini irəli sürüb. Tramp bu ölkələri Qəzzanı “təmizləmək” və “müxtəlif yerlərdə tikiləcək evlərə yerləşdirmək” üçün daha çox fələstinli qəbul etməyə çağırıb və bunun “müvəqqəti” və ya “uzunmüddətli” ola biləcəyini bildirib. 

HƏMAS isə ABŞ Prezidenti Donald Trampın Qəzzanı ərəb ölkələrinə sürgün etmək təklifini qəti şəkildə rədd etdiklərini açıqlayıb. HƏMAS-ın verdiyi yazılı açıqlamada ərəb və islam ölkələrindən, xüsusilə Misir və İordaniyadan Trampın sürgün təklifini rədd etmələri ilə bağlı qərarlı mövqelərini təsdiqləmələri istənilib. Bəyanatda aşağıdakı ifadələr yer alıb: “Faşist sionist işğalçı ordusu tərəfindən müasir dövrün ən iyrənc soyqırımına qarşı uca dayanan və Qəzzanın şimalından köç etmək məcburiyyətində qalmasına baxmayaraq, bu cinayətə təslim olmaqdan boyun qaçıran xalqımız hər hansı köçürmə və sürgün planını qəti şəkildə rədd edir. İordaniya kralı II Abdullahla məsələ ilə bağlı telefonda danışdığını və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşəcəyini qeyd edən Tramp, “Ərəb ölkələri ilə bir araya gəlib fələstinlilərin sülh içində yaşaya biləcəyi başqa yerdə evlər tikməyə üstünlük verərdim" deyib. Qeyd edək ki, son günlər Donald Trampın riskli sayıla biləcək addımlar atacağı geniş müzakirə olunmaqdadır. Ağ Ev rəhbərinin başqa ölkələrə ərazi iddiası ilə çıxış etməsi, miqrant məsələsində radikal mövqeyi, neft-qazla bağlı planları dünya ictimaiyyəti tərəfindən maraqla izlənməkdədir.

 
Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, Tramp bunu onunla əsaslandırır ki, Qəzza artıq xarabalığa dönüb, orada salamat bina mövcud deyil. ABŞ rəhbərinin sözlərinə görə, gələcəkdə İsrailin buranı yenidən bombalamayacağı barəsində də təminat da yoxdur:

 "Qəzzanı boşaltmaqda ABŞ-nin tamam fərqli məqsədləri var. İsrail nə qədər hava əməliyyatında uğur qazansa da, Qəzzada quru əməliyyatında eyni bacarığı göstərə bilmir. HƏMAS uzun müddətdir ki, bölgədə gizli tunellər yaradıb və bu, silahlıların əsas gizlənmə yerləri sayılır. Həmin tunellər durduqca və HƏMAS Qəzzada varlığını saxladıqca, İsrailə qarşı müqavimət hərəkətı davam edəcək. Buna görə də HƏMAS-ı bitirməyin ən asan yolu Qəzzanı sökməkdir. Digər məqam İsrailin bölgədə kütləvi şəkildə yəhudi yaşayış məskənləri salmaq siyasətidir. Tramp Misir və İordaniyaya təklif edir ki, Qəzzadakı fələstinli qaçqınlar qəbul edilsin və burada onlar üçün yeni yaşayış sahələri salınsın. Bu isə faktiki olaraq fələstinliləri öz torpaqlarından məhrum etməkdir. Qəzza boşaldıqdan sonra İsrailin bura yerləşəcəyi aydın məsələdir. Trampın bu təşəbbüslə çıxış etməsindəki üçüncü səbəb isə müstəqil Fələstin dövlətinin yaranmasına mane olmaqdır. Qəzza vilayəti Fələstin dövlətinin iddia etdiyi iki bölgədən biridir. Digəri isə hazırda Fələstin Muxtariyyətinin mərkəzi hökumətinin yerləşdiyi İordan çayının qərb sahilləridir. Çayın şərq sahillərində İsrail tərəfindən yəhudi yaşayış məskənləri salınıb və artıq ABŞ bu ərazini yəhudi torpağı kimi tanımağa çalışır. ABŞ-nin BMT-dəki nümayəndəliyindən verilən açıqlamada bildirilib ki, bu torpaqlar müqəddəs kitablarda İsrailə vəd edilib və buna görə də ona çatmalıdır". 

Z.Əmralıyevə görə, Donald Tramp keçən prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı kimi tanımışdı:

 "Bundan əvvəl də Netanyahu komandasından verilən açıqlamada müstəqil Fələstin dövlətinin yaradılmasının yerinə İsrailin nəzarətində Fələstinə muxtariyyət verilməsi ideyası səsləndirildi. Qəzzanın Fələstinin nəzarətindən çıxırılması və insanların köçürülməsi də elə buna hesablanmış addımdır. Ancaq əsas məsələ budur ki, Misir və İordaniya Trampın təklifinə qarşı çıxır. İordaniya vəziyyəti onunla əsaslandırır ki, artıq 2 milyon fələstinliyə sığınacaq verib. Misir isə iqtisadi vəziyyətinin ağırlığını əsas gətirir. Qahirənin xarici borcu son illər xeyli artıb. Misir Prezidenti Əbdülfəttah Əl-Sisi Qırmızı dənizdə Misirə məxsus məskunlaşma olmayan 2 adanın - Tiran və Sanafirin Səudiyyə Ərəbistanına verilməsi haqqında 2017-ci ildə imzalanmış müqaviləni təsdiqləyib. Ehtimal ki, adalar krallığa məhz maliyyə qarşısında verilib. İndi isə Misir xarici borclarının silinməsi şərti ilə yeni fələstinli qaçqınları ölkəsinə qəbul edə bilər. Qəzzanın boşaldılması mümkün olsa da, proses uzunmüddətli və olduqca əziyyətli bir işdir. Trampın 4 illik hakimiyyəti buna çatacaqmı, bunu zaman göstərəcək".

Seçilən
5
50
sherg.az

10Mənbələr