Bakıda Duzlu göl ərazisində acınacaqlı vəziyyət
Bakının müasirliyindən, təmizliyindən danışarkən şəhərin bəzi ərazilərində tam əksi mənzərə ilə qarşılaşırıq.
Xüsusilə, Suraxanı rayonunun Hövsan yolunda, Duzlu göl ərazisində çəkilmiş görüntülər acınacaqlı vəziyyəti göz önünə sərir.
AzPost Modern.az-a istinadən həmin görüntüləri təqdim edir:
Gölün suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün göldə çimirlər. Ziyarətçilər gölün dibindən yığılmış palçığı bədənlərinə sürtürlər, daha sonra günəş vannası qəbul edirlər.
Gölü əsasən yaşlılar və Bakıya gələn turistlər ziyarət edirlər. Ruslar, ərəblər, Rusiya azərbaycanlıları göldə çimməyə gəlirlər. Gölün ətrafında 1993-cü ildən Zəngilan, Füzuli və Qubadlıdan olan məcburi köçkün ailələri yaşayır. Onlar gölün ətrafında tikdikləri duş, yeməkxana kimi obyektlərindən qazanc əldə edirlər.
Göl suyunun bakterioloji vəziyyəti pis olduğu üçün və göldə antisanitariya şəraiti hökm sürdüyü üçün 2006-cı ildə baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən göldə çimmək qadağan olunub. Gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmışdır. Buna baxmayaraq, gölə giriş məhdudlaşdırılmadığı üçün insanlar göldə çimməyə davam edirlər. Bəzi şəxslər göldə çimdikdən sonra yeni dəri xəstəliklərinə yoluxduqlarını iddia edirlər.