AZ

Ömər Rəcəbli Parisdən bürünc medalla qayıdır

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Fransanın paytaxtı Paris şəhərində keçirilmiş “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Parisdə təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulub.

Yarışın sonuncu günündə Azərbaycan millisinin daha 4 idmançısı mübarizəyə qoşulub. Onlardan birinin çıxışı daha uğurlu alınıb.

81 kq-da çıxış edən Ömər Rəcəbli startda Xorxe Peresə (Çili) qalib gələrək növbəti mərhələyə çıxsa da, 1/4 finalda Arno Areqbaya (Fransa) məğlub olub. Nəticədə təsəlliverici yarışda mübarizə aparan Rəcəbli Alfa Umar Calo (Fransa) və yarımfinalda uduzmuş Yoshito Hocoya (Yaponiya) qalib gələrək bürünc medal qazanıb.

100 kq-da yarışan Əjdər Bağırov əvvəlcə Mark Fransua Nqayap (Fransa), sonra da Georgios Kroussaniotakisə (Kipr), 1/4 finalda isə Seheon Kimə (Koreya) qalib gəlib. Yarımfinalda Cafar Kostoyevə (BƏƏ) məğlub olan cüdoçumuz bürünc uğrunda mübarizə aparıb, amma İvan Felipe Silva Moralesə (Kuba) də uduzaraq medalsız qalıb.

+100 kq-da mübarizə aparan Kənan Nəsibov Marti Puumalaynenə (Finlandiya) məğlub olub. Eyni çəki dərəcəsindəki digər təmsilçimiz Uşanqi Kokauri də Toma Nikiforova (Belçika) uduzub.

Qeyd edək ki, Azərbaycan bu yarışda bütövlükdə 10 cüdoçu ilə təmsil olunub. Onlardan üçü bu yarışı medalla başa vurub. Turnirin ilk günündə Ruslan Paşayev (66 kq) çempion olub. Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirini 1 qızıl və 2 bürünc medalla başa vurublar. Komandamız medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.

Seçilən
35
arena.az

1Mənbələr