Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyunları keçirilib.
Rahilin komandası da 2025-ci ildə ilk matçına çıxıb. Sözügedən komanda qış fasiləsindən sonrakı ilk turda “Yagelloniya”nın qonağı olub. “Radomyak” yekunda 0:5 hesablı məğlubiyyətə üzülüb. Rahil bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.
“Radomyak” 19 turdan sonra topladığı 20 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Məmmədovun komandası 19 oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 12 oyuna çıxıb.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.