AZ

Bakıda bu tanınmışlar şəxsi avtomobildən imtina edir – SƏBƏB

Bakının bitməyən problemlərindən biri də tıxacdır. İstər metro, istər avtobus, istərsə də şəxsi avtomobillə zamanında mənzil başına çatmaq mümkünsüz olub. Bildiyimiz kimi, artıq Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunun tikiləcəyi barədə qərar verilib. Bundan başqa Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsünün tikintisi və istismara verilməsi də 2030-cu ilə qədər reallaşdırılacaq. Eyni zamanda Prezident İlham Əliyevin tapşırığına əsasən 10 yeni metro stansiyası inşaa olunacaq və tramvay xətləri çəkiləcək.

Bu xəbər insanlarda tıxacın bitəcəyi ilə bağlı bir ümid yaradıb. Görəsən, ictimai nəqliyyatdan istifadə əlverişli hala gəlsə, tanınmış şəxslər öz maşınından imtina edib, avtobusla, metro, elektrik qatarı ilə yola çıxarmı?

Ulusal.az məsələ ilə bağlı kiçik sorğu keçirib.

musfiq
Deputat Müşfiq Cəfərov tıxac olmadığı halda məmnuniyyətlə ictimai nəqliyyatdan istifadə edəcəyini bildirib:

“Bilsəm ki, ictimai nəqliyyat verilmiş qrafik üzrə işləyir və bizi zamanında məkana çatdırır, niyə də istifadə etməyim? Açığı, avtomobillə hərəkət etmək çox çətindir. Çünki artıq Bakıda tıxacın saatı yoxdur. O baxımdan da düşünürəm ki, əgər ictimai nəqliyyatın hərəkət üzrə cədvəli təşkil olunarsa, çox insan avtobus və metrodan istifadə edər”.

ramil
Hüquqşünas Ramil Süleymanlının fikrincə, şəhərin daxilində mütəmadiliyi təşkil etmək üçün avtomobillərin girişi birmənalı şəkildə dayandırılmalıdır:

“Bakı şəhərində 15-16 məhkəmə binası mövcuddur. Bunların arasında da kifayət qədər uzun məsafələr var. Ona görə də uzun məsafələrə mən və digər kolleqalarım şəxsi avtomobillə gedə bilərik. Lakin qısa məsafələrə skuter, velosipedlərdən istifadə etməklə də mənzil başına çatmaq olar. Birinci növbədə şəhərin daxilində bir neçə yerdə mərtəbəli avtomobil dayanacağı inşa olunmalıdır və qiymətlər kifayət qədər əlçatan olmalıdır. Bundan başqa, cərimə-cəza sistemi yumşaldılmalıdır. Bu sistemin sərt olması problemin həllinə gətirib çıxarmayacaq. Çünki mövcud qayda insanlarda ikrah yaradır və narazılıq formalaşdırır. Məsələn, Bakı Appelyasiya Məhkəməsindən prosesdən çıxıb Səbailə getmək üçün əlbəttə, şəxsi maşından deyil, skuterdən istifadə edə bilərəm. Amma həmin məhkəmədən sonra hər hansı bir istintaq orqanına getdikdə mənə öz avtomobilim lazım olacaq. Ona görə problemin həlli üçün elektrik tramvaylar çəkilməli, skuter və velosipedlərin sayı çoxaldılmalıdır. Eyni zamanda metro daha əlçatan olmalıdır”.

asif

İqtisadçı Asif ibrahimovun sözlərinə görə, bütün ölkələrdə daşımaçılıq inkişaf etdikcə, vətəndaşlar şəxsi maşınlardan az istifadə edirlər:

“Bu, rahatlıqla bərabər, tıxacın da qarşısını almış olur. İnkişaf etmiş ölkələrdə buna diqqət edilir, beynəlxalq standartların tələblərinə uyğun olaraq fəaliyyət həyata keçirilir. Təəssüf ki, bizimlə bərabər bəzi postsovet ölkələrində də bu tipli problemlər mövcuddur. Məsələn, metro sərnişindaşıma növlərindən biridir, amma hər yerə onunla hərəkət edə bilmirsən, yeni təsis edilmiş avtobuslar var, lakin burada da müəyyən narahatlıqlar yaranır. Yəni say və interval baxımından problemlər olur. Belə olduqda vətəndaş alternativ olaraq şəxsi avtomobilə üstünlük verməyə çalışır. Bu da olmadığı halda taksilərdən istifadə edirlər. Təbii ki, ictimai nəqliyyat inkişaf etsə, bir yerdən digər yerə qənaət edərək çatmaq olar. Mən də bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, avtobus və metrodan istifadə etməyi üstün tutardım”.

0c091275

Jurnalist Samir Əli 16 ildən sonra 2 aydır ki, ictimai nəqliyyatdan istifadə etdiyini deyib:

“Tıxac problemindən nisbətən canım qurtarıb. 2 aydır ki, “Azərbaycan Dəmir Yolları”nın sürət qatarı ilə Sumqayıtdan Bakıya, Bakıdan da Sumqayıta gedib gəlirəm. Şəxsi avtomobildən çox rahatdı. Ən azından tıxac problemi yaşamıram, əsəblərim korlanmır və təhlükəsiz gəlirəm. Amma marşrut avtobuslarının əksəriyyətində bu rahatlıq yoxdur. Avtobuslar yenilənməyib, intervallar düzgün müəyyən olunmayıb, sürücülərin sərnişinlərlə rəftarı sıfırdır. Dünən baş verən hadisə isə sərnişinlər üçün konkret təhlükədir. Maştağa qəsəbəsində səhər saatlarında sürücünün infarkt keçirib qəzaya uğraması sərnişinlərin ictimai nəqliyyata inamını azaldır. Qanunvericiliyə görə, sürücü hər səhər marşrut xəttinə çıxmazdan əvvəl tibbi müayinədən keçməli, sağlam olduğu halda sərnişin daşımasına icazə verilməlidir. Amma bu məsələ tam həllini tapmayıb. Əgər sürücülər tibbi müayinədən keçirilirsə, xəttə çıxandan bir saat sonra necə infarkt keçirib? İctimai nəqliyyata nəzarət güclənsə, bu cür problemlər aradan qaldırılarsa, şəxsi avtomobillərdən hamı imtina edər”.Globalinfo.az

Seçilən
19
1
moderator.az

2Mənbələr