Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi icbari sığorta müqaviləsini bağlamadığı üçün cərimələnib.
Operativ Medianın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İdarə barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-ci (İcbari sığorta müqaviləsinin bağlanmaması, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş İdarə ilə bağlı müraciətə baxılıb.
Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.