Bugün adını eşitdiyimiz hər avtomobil markasının arxasında illərlə davam edən əzm, innovasiya və bəzən də gözlənilməz uğursuzluqlar dayanır. “Rolls-Royce” niyə mükəmməlliyin simvoluna çevrildi? “Toyota” necə qlobal avtomobil bazarına hakim oldu? “Lamborghini” və “Ferrari” arasındakı rəqabətin səbəbi nə idi? Avtomobil dünyasını formalaşdıran bu markaların hekayəsi, sadəcə bir mühəndislik uğuru deyil, həm də sahibkarlıq və inkişafa aparan maraqlı yoldur.
Valyuta.az məşhur avtomobil markalarının tarixini təqdim edir.
“Mercedes-Benz”
Markanın adı, iki əsas tarixi mənbədən gəlir: Mercedes və Benz.
Mercedes: Bu ad, Avstriya biznesmeni və avtomobil yarışçısı Emil Jellinekin qızının adı olan Mercédès Jellinekdən götürülüb. Jellinek, “Daimler-Motoren-Gesellschaft” (DMG) şirkətinin avtomobillərini satın alır və yarışlarda bu avtomobilləri “Mercedes” adı altında istifadə edirdi. 1900-cü ildə DMG rəsmi olaraq bu adı yeni avtomobilləri üçün qəbul etdi.
Benz: Alman mühəndis Karl Benz, 1886-cı ildə dünyanın ilk avtomobili sayılan “Benz Patent-Motorwagen”i icad edin. Onun şirkəti “Benz & Cie.” Avtomobil sənayesində önəmli mövqeyə malik idi.
1926-cı ildə “Daimler-Motoren-Gesellschaft” (DMG) və “Benz & Cie.” şirkətləri birləşdi və yeni brend “Mercedes-Benz” adlandırıldı. Bu, avtomobil tarixində iki böyük alman şirkətinin güclərini birləşdirərək premium avtomobil markası yaratmasının nəticəsi idi).
“Mercedes-Benz” loqosu nəyi simvolizə edir?
Brendin məşhur üç uclu ulduz loqosu avtomobilin quru, hava və su nəqliyyatında üstünlük qazanmaq istəyini ifadə edir.
Formula 1 və "Mercedes-Benz"
“Mercedes-Benz”, 1954-cü ildən “Formula 1” yarışlarına qatılmağa başlayıb və tarixdə Lewis Hamilton kimi əfsanəvi pilotlarla böyük uğurlar qazanıb.
“Ford”
1903-cü ildə Henry Ford tərəfindən qurulan “Ford Motor Company” onun adını daşıyan və avtomobil istehsalına yönəlmiş ilk böyük sənaye şirkəti idi. O, avtomobilləri yalnız zənginlər üçün deyil, hər kəs üçün əlçatan etməyi qarşısına məqsəd qoydu. 1908-ci ildə Ford “Model T” avtomobilini təqdim etdi. Bu model o qədər popular idi ki, 1927-ci ilə qədər 15 milyondan çox satıldı. “Model T” dünyanın ilk “xalq avtomobili” hesab olunur.
“Müştərilər istədiyi hər rəngdə avtomobil ala bilərlər, təki o rəng qara olsun”
Ford “Model T”nin istehsalının pik dövründə istehsal prosesini asanlaşdırmaq üçün avtomobilləri yalnız qara rəngdə satmağa başladı.
Ford loqosunun mənası
Markanın loqosu 2017- ci ildən istifadə edilir və daha sadə, minimalistik üsluba malikdir. Bu versiya, klassik görünüşünü qoruyaraq, müasir dizayna uyğunlaşdırılıb.
Loqodakı mavi rəng etibarlılığı, güvəni və innovasiyanı simvolizə edir. Oval forma sabitlik və gücü ifadə edir. “Ford” yazısı isə şirkətin qurucusu Henry Fordun orjinal imzasına əsaslanır.
“Rolls-Royce”
“Rolls-Royce” dünyanın ən prestijli və lüks avtomobil markalarından biridir. Onun tarixi iki sahibkar Charles Rolls və Henry Royce-un birgə əməkdaşlığı ilə başlamışdır. Henry Royce mühəndis, Charles Rolls isə avtomobil satıcısı idi. İkili əməkdaşlığa başlayaraq “Rolls-Royce” brendini yaratdı və yüksək səviyyəli avtomobil istehsalına başladılar.
İlk model “Rolls-Royce 10 HP” adlanırdı və çox sakit işlədiyi üçün “Dünyanın Ən Yaxşı Avtomobili” adını qazandı. Brendin uğuru onun ilk günlərindən etibarən etibarlılıq və mükəmməllik prinsiplərinə əsaslanır.
“Rolls-Royce” loqosu və onun mənası
“Rolls-Royce” loqosu lüks və prestijin simvoludur. Loqo əsasən iki elementdən ibarətdir:
“RR” monoqramı Rolls və Royce-un baş hərflərindən ibarətdir.
“Spirit of Ecstasy” heykəli dizayner Charles Sykes tərəfindən yaradılıb və ilham mənbəyi onun patronu Lord Montagu-nun sevgilisi Eleanor Thornton olub. “RR” monoqramı etibarlılıq, mükəmməllik və keyfiyyət. “Spirit of Ecstasy” zəriflik, lüks və aristokrat həyat tərzi.
“BMW”
“BMW” (Bayerische Motoren Werke) dünyanın ən məşhur avtomobil və motosiklet istehsalçılarından biridir. “BMW” 1916-cı ildə Almaniyada qurulub. Şirkət əvvəlcə “Bayerische Flugzeugwerke" (Bavyera Təyyarə Zavodu) adı ilə təyyarə mühərrikləri istehsal edirdi. 1917-ci ildə adını "Bayerische Motoren Werke" (Bavyera Mühərrik Zavodları) olaraq dəyişdirdi və qısaldılmış adı “BMW” oldu. 1919-cu ildə Versal müqaviləsinə əsasən Almaniyanın hərbi aviasiya sənayesi qadağan edildi.
Bunun nəticəsində "BMW” təyyarə mühərrikləri istehsalını dayandırdı və motosiklet və avtomobil mühərriklərinə fokuslandı. “BMW” avtomobil istehsalına 1928-ci ildə başladı. Şirkət Eisenach avtomobil zavodunu alaraq "Dixi" markasını əldə etdi. 1929-cu ildə isə” BMW” ilk avtomobili olan "BMW 3/15" modelini istehsal etdi.
“BMW” loqosunun mənası
Mavi və ağ rənglər “BMW” nin Bavyera mənşəyini və alman texnologiyasını təmsil edir.
Dairəvi forma şirkətin təyyarə mühərriklərindən başlayaraq avtomobil və motosiklet sənayesində inkişafını göstərir.
Qara dairə və “BMW” yazısı şirkətin premium və eksklüziv brend imicini vurğulayır.
Təyyarə mühərrikləri istehsalı ilə məşğul olan şirkətin keçmişini simvolizə etdiyi düşünülən “fırlanan təyyarə pəri” təsviri uzun illər boyunca məşhur bir nəzəriyyə olub.
“BMW” özü loqonun təyyarə pəri ilə əlaqəli olmadığını bildirir, amma bu mif geniş yayılıb və loqonun mühərrik texnologiyası ilə bağlı olmasını simvolik şəkildə göstərir.
“Porsche”
Ferdinand Porsche alman avtomobil mühəndisi idi və uzun illər müxtəlif avtomobil şirkətləri üçün işləyirdi. 1931-ci ildə o, “Dr. Ing. H.c. F. Porsche GmbH” adlı öz mühəndislik şirkətini yaratdı. Bu şirkət əvvəlcə avtomobil istehsal etmirdi, yalnız avtomobil dizaynı və mühəndislik layihələri üzərində işləyirdi.
İkinci Dünya Müharibəsindən sonra oğlu Ferry Porsche atasının yolunu davam etdirdi və 1948-ci ildə ilk rəsmi “Porsche” avtomobili – “Porsche 356” modelini istehsal etdi. Beləliklə, marka Porsche soyadını daşıdı və bu gün dünyanın ən tanınan idman avtomobili brendlərindən birinə çevrildi.
“Porsche” Loqosu və “Ferrari” arasındakı bənzərlik
Maraqlı faktdır ki, “Porsche” və “Ferrari” loqolarında şaha qalxan at var.
Lakin “Ferrari”nin atı Francesco Baraccanın hərbi simvolundan ilhamlanıb, “Porsch”nin atı isə Stuttgart şəhərinin gerbindən götürülüb. Stuttgart Porsche şirkətinin qərargahının yerləşdiyi Almaniya şəhəridir.
Loqo dörd əsas elementdən ibarətdir
At, gücü, sürəti və dinamizmi simvolizə edir. Loqodakı qırmızı və qara zolaqlar, “Porsche” nin yaranmasına təsir etmiş Württemberg-Baden əyalətinin gerbindən ilhamlanıb. Qızılı rəng lüksü, yüksək keyfiyyəti və eksklüzivliyi təmsil edir. Üst hissədə "Porsche" yazısı markanın adını ifadə edir. Mərkəzdə "Stuttgart" yazısı “Porsche” nin yarandığı şəhəri göstərir.
“Ferrari”
“Ferrari” avtomobil markasının adı, Enzo Ferrarinin adından götürülüb. Enzo, avtomobil yarışlarına olan marağını və bacarığını, daha sonra özünün lüks və yüksək performanslı avtomobillər istehsal etmək üçün istifadə etdi. 1939-cu ildə “Auto Avio Costruzioni” adlı şirkətini qurdu, amma ilk Ferrari markalı avtomobil yalnız 1947-ci ildə istehsal olundu.
Ferrari loqosunda da at simvolu əhəmiyyətlidir, çünki bu simvol İtalyan hərbçisi və aviatoru Francesco Baraccanın təyyarəsinin loqosundan ilham alınıb. 1923-cü ildə Enzo Ferrari, Francesco Baracca-nın ailəsi ilə tanış oldu və pilotun anası ona bu simvolu istifadə etməyi tövsiyə etdi, çünki bu at şans və uğur gətirirdi.
Loqonun rəngləri və onların mənası
Sarı fon Enzo Ferrarinin doğulduğu Modena şəhərinin rəsmi rəngidir. İtaliya bayrağının rəngləri (yaşıl, ağ, qırmızı) yuxarı hissədə yerləşir. Bu, “Ferrari”nin İtalyan brendi olduğunu simvolizə edir.
Qara at gücü, sürəti və qələbəni ifadə edir. Qara rəng isə Francesco Baraccnın təyyarəsində istifadə edilən simvoldan ilham alıb.
“Lamborghini”
“Lamborghini”nin hekayəsi “Ferrari” yə qarşı çıxmaq istəyən bir sahibkarın qəzəbindən yaranmış, amma dünya avtomobil sənayesinə inqilabi təsir edən bir markadır.
Ferruccio Lamborghini İtaliyada traktor və sənaye texnikası istehsalçısı kimi tanınan uğurlu iş adamı idi. O, “Lamborghini Trattori” adlı şirkəti ilə traktor istehsal edirdi və bu sahədə böyük uğurlar qazanıb.
“Lamborghini” və “Ferrari” arasındakı əfsanəvi mübahisə
Ferruccio Lamborghini “Ferrari” avtomobillərinin böyük həvəskarı idi, amma onların sərt sükanından və sürət qutularından narazı idi. O, Enzo Ferrariyə öz avtomobillərini daha yaxşı etməsi üçün məsləhətlər verdi, amma Enzo Ferrari ona “Sən traktordan baş çıxarırsan, amma idman avtomobili sənayesi sənlik deyil” dedi.
Bu sözlər Ferruccionu çox qəzəbləndirdi və o, “Ferrari”dən daha yaxşı avtomobil istehsal etməyə qərar verdi. 1963-cü ildə Ferruccio Lamborghini “Automobili Lamborghini” şirkətini qurdu. İlk modeli “Lamborghini 350 GT” oldu və “Ferrari” yə rəqib olaraq istehsal edildi.
Loqonun “Ferrari” loqosu ilə bağlantısı
“Lamborghini” loqosu bir növ “Ferrari” loqosuna cavab kimi yaradılıb.
“Ferrari” loqosunda şaha qalxan bir at, “Lamborghini” loqosunda isə şaha qalxan bir buğa var.
Bu, Ferruccio Lamborghini-nin Enzo Ferrariyə qarşı meydan oxumaq istəyini göstərir.
Loqodakı Qəzəbli Buğa gücün və sürətin simvoludur. Qızılı rəng lüksü, keyfiyyəti və prestiji ifadə edir. Qara fon gücü, eksklüzivliyi və müasirliyi simvolizə edir.
Loqodakı qızılı buğa, Ferruccio Lamborghininin bürcü olan Buğa (Taurus) işarəsindən ilhamlanıb.
O, həmçinin buğa döyüşlərinə maraq göstərirdi və onun avtomobillərinin adları (Miura, Gallardo, Aventador və s.) məşhur döyüş buğalarından ilhamlanıb.
kimi əfsanəvi pilotlarla böyük uğurlar qazanıb.
“Toyota”
“Toyota” markasının adı, qurucusu Kiichiro Toyodanın soyadından götürülüb.
Şirkət əvvəlcə “Toyoda Automatic Loom Works” adı ilə toxuculuq dəzgahları istehsal edirdi. Kiichiro Toyoda avtomobil sənayesinə maraq göstərdiyi üçün 1933-cü ildə şirkətin avtomobil istehsalına keçməsinə qərar verdi.
“Toyoda”dan “Toyota”ya dəyişiklik
Əvvəlcə şirkətin adı “Toyoda” idi, çünki bu, ailə soyadı idi. 1937-ci ildə şirkət adını “Toyota” olaraq dəyişdirdi. Çünki “Toyota” sözü yapon dilində yazıldıqda 8 fırça zərbəsi ilə yazılır və 8 uğurlu rəqəm sayılır. Həmçinin tələffüz baxımından daha yumşaq və asan səslənirdi. Beləliklə, bu ad şirkətin beynəlxalq bazarlarda daha tanınan və uğurlu bir marka olmasına kömək etdi.
İkinci Dünya Müharibədən sonra “Toyota” ciddi maliyyə problemləri ilə üzləşdi və iflasa yaxınlaşdı. 1950-ci illərdə Kiichiro Toyoda Amerika avtomobil sənayesini öyrənmək üçün ABŞ-a getdi. O, “Ford” və “General Motors” un istehsal sistemlərini təhlil etdi və “Toyota”nın istehsal prosesini təkmilləşdirdi. “Toyota Production System” (TPS) yaradıldı. Bu sistem istehsalatda səmərəliliyi artıran və israfı azaldan yenilikçi metod idi.
Loqodakı 3 ovalın mənası
“Toyota”loqosu üç oval formadan ibarətdir. Loqonun dairəvi forması dünyanı əhatə edən qlobal brend olmağı simvolizə edir. İki daxili oval müştərinin və “Toyota”nın qəlbini təmsil edir. Böyük xarici oval şirkətin qlobal miqyasda böyüməsini və dünyanı əhatə etməsini ifadə edir. Bütün ovala birlikdə baxanda “T” hərfi görünür, bu da “Toyota”nın baş hərfidir.
Gümüş və xrom rənglər - modern texnologiya, etibarlılıq və innovasiyanı təmsil edir.
Qırmızı rəng (bəzi versiyalarda) - ehtiras və gücü ifadə edir. Ağ fon isə şəffaflıq və keyfiyyətin simvoludur.
“Toyota” loqosunun unikal xüsusiyyəti
Loqodakı iki daxili oval bir-birinə keçərək ipək sapın keçdiyi toxuculuq dəzgahını xatırladır.
Bu, “Toyota” nın toxuculuq sənayesindən avtomobil sənayesinə keçidini ifadə edir.
“Volkswagen”
“Volkswagen” adı alman dilində “xalq avtomobili” (Volks – xalq, Wagen – avtomobil) mənasını verir. 1930-cu illərin əvvəllərində Almaniyada avtomobillər çox bahalı idi və əsasən varlı insanlar üçün əlçatan idi. Adolf Hitler geniş kütlənin avtomobil sahibi olmasını istəyirdi və “xalq üçün əlçatan avtomobil” layihəsini irəli sürdü. 1934-cü ildə Ferdinand Porsche layihəni həyata keçirmək üçün seçildi.
Porschenin məqsədi ekonomik, etibarlı və geniş kütlə üçün əlçatan bir avtomobil dizayn etmək idi. Bu layihə çərçivəsində 1937-ci ildə “Volkswagenwerk GmbH” şirkəti təsis edildi. 1938-ci ildə şirkətin istehsal etdiyi ilk model “KdF-Wagen” adlanırdı, lakin müharibədən sonra “Volkswagen Beetle” kimi məşhurlaşdı.
“Volkswagen” loqosunun mənası
Loqo “V” və “W” hərflərinin birləşməsindən ibarətdir və bu, “Volkswagen” adının baş hərfləridir. Loqonun dairəvi forması birlik, davamlılıq və qlobal miqyasda tanınmanı simvolizə edir.
Minimalist dizayn texnologiya və innovasiyanı ifadə edir. Mavi və ağ rənglər etibarlılıq, güvən və texnoloji yenilikləri ifadə edir.
Sadə və aydın dizayn - “Volkswagen”in hər kəs üçün əlçatan avtomobillər istehsal etməsini simvolizə edir. “Volkswagen” loqosu zamanla dəyişsə də, həmişə markanın əsas prinsiplərini – keyfiyyət, texnologiya və etibarlılığı qoruyub saxlayıb. Bu gün minimalist və futuristik “Volkswagen” loqosu brendin innovasiyaya və elektromobil sektoruna yönəldiyini göstərir.
Maya Hüseynova