Vasili Berezutskinin gəlişi "Sabah"ın xilasına hesablanmışdı.
İlk vaxtlar işlər pis getmirdi.
Öncə kubok mübarizəsində "Turan Tovuz"u üstələyən "tələbələr" yoluna davam etdi. Premyer Liqada da nəticələr pis deyildi.
Gözləmək olardı ki, qış fasiləsində rusiyalı mütəxəssis oyun sistemini daha da təkminləşdirəcək və daha yaxşı "Sabah" görəcəyik.
Amma yeni il Masazır klubu üçün xoş getmir. Kollektiv gözləntilərin altında qalır.
Arxada qalan 3 oyunda hələ də qələbə yoxdur.
Halbuki hər üç rəqib önündə də şanslı tərəf "Sabah" hesab olunurdu.
Bəli, nəticə baxımından heç nə ürəkaçan deyil.
"Sumqayıt", "Kəpəz" kimi büdcəsi az, heyəti kasad rəqiblərlə görüşlərdə alınan məğlubiyyət və bərabərliyin heç bir bəraəti yoxdur.
Amma ədalətli olası olsaq, "Neftçi" və "Kəpəz"lə görüşlərdəki arzuolunmaz nəticələrdə həm də hakimlərin izi var.
Belə ki, hər iki görüşdə "Sabah"ın aşkar penalı verilməyib. Verilsəydi "Sabah" udacaqdımı? Bu sonranın sualıdır.
Həqiqət isə odur ki, penal oyunu dəyişmək üçün əla fürsət hesab edilir.
Fakt odur ki, qısa müddətdə iki matçda Vasili Berezutskinin yetirmələri həmin fürsətlərindən məhrum edilib.
Onsuz da bu komanda da işlər yolunda getmir. Nəticələr ürəkaçan deyil. Barı hakimlər də bir yandan qüsurlu qərarları ilə əlavə yük olmasınlar.
Belədə mövqe bildirmək, nəticələri müzakirə etmək çətinləşir. Rəqiblərin uğuru kimi "Sabah"ın da uğursuzluğu kölgə altına düşmüş olur. Yarıtmaz referilərin sayəsində ağı qardan seçmək çətinləşir.
XANOĞLAN İMANOV