AZ

Fərman Qarabağlı: “Sabir Qəhrəmanovun oxuduğu “Qarabağ şikəstəsi” hələ də qulaqlarımdan getməyib, o bütün zərb muğamlarını böyük şövqlə oxuyub”

Image

“O, televiziya kanallarında görsənməsə də, Qarabağ bölgəsində məşhur xanənədir”

Qarabağ çox istedadlı xanəndələr, çox böyük sənətkarlar, muğam biliciləri yetişdirib. Yarıgerçək, yarızarafat bir ifadə də var ki, Qarabağda hansı uşağı “döysən” “Segah” üstündə ağlayar. Yəni Qarabağın torpağı, havası, suyu, çörəyi o qədər bərəkətli, o qədər sayalı, o qədər ilhamvericidir ki, burda doğulan hər insanda oxumaq səsi var. 

Füzuli torpağı muğam sənətinə, ifaçılıq aləminə çox böyük sənətkarlar, möcüzəli səslər bəxş edib. Bu rayonda tanınan və tanınmayan xanəndələr çoxdur. Deyərdik ki, tanınmayanlar daha ziyadədir. Təəssüf ki, ya bu xanəndələrin reklama, tanınmağa maraq göstərməməsi səbəbindən, ya da mətbuatın, televiziyanın onlara elə də meyl göstərməməsi üzündən o səslər elə Füzulinin içində yayılıb və toyları-nişanları, el məclislərini bəzəyib. Tanımadığımız, amma tanımalı olduğumuz gözəl sənətkarlardan biri də Füzuli rayonunun bəy kəndlərindən olan Kərimbəyli kəndində doğulub boya-başa çatan, hazırda öz el-obasının içində yaşayan, o yerlərin toy-düyününə, şad günlərinə öz səsi ilə yaraşıq verən xanəndə Sabir Qəhrəmanovdur. Muğamla maraqlananlar S.Qəhrəmanovu çox yaxşı tanıyır, amma geniş tamaşaçı auditoriyası tanımır. 

Əslən Füzuli rayonunun Arayatılı  kəndindən olan, hazırda Bakıda yaşayan “Bakı-Xəbər”in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bu günlərdə bizimlə əlaqə saxlayaraq, Sabir Qəhrəmanovun sənətini bizə tanıtmaq istədiyini dedi. 

“Sizə Qarabağın bəy kəndlərindən olan Kərimbəyli kəndinin yetirməsi, televiziya kanallarında görünməyən, camaatın sevgisini və rəğbətini qazanan xanəndə Sabir Qəhrəmanov haqqında danışmaq istəyirəm. O, 1948-ci ildə anadan olub. Çox maraqlıdır ki, Azərbaycanda Sabir adında nə qədər oxuyanlar olub, hamısı yüksək məlahətli səsə malik olublar. Mən Sabir Mirzəyevin, Sabir Qəhrəmanovun, Sabir Əliyevin, Sabir Abdullayevin adlarını qeyd edə bilərəm. 

Sabir Qəhrəmanov  Asəf Zeynallı adına Musiqi Texnikimuna (hazırda kollecdir-İ.S) qəbul imtahanı verəndə sinif yoldaşımız rəhmətlik Yaşar Novruzovla birgə mən də getmişdim. Çünki Sabirlə sinif yoldaşı olmuşuq. Onu da deyim ki, biz Yaşara sinifdə “Lomonosov” deyirdik, çünki bütün fənləri əla oxuyurdu. Sabir qəbul imtahanında “Qarabağ Şikəstəsi” və “Cahargah” dəstgahı oxudu. Elə yüksək səviyyədə oxudu ki, imtahandan 5 aldı. Sabir böyük xanəndə Seyid Şuşinskinin tələbəsi Nəriman Əliyevin sinfində oxuyub. Bilirsiz ki, Nəriman Əliyev bu sahədə çox böyük pedaqoq olub və onun yetirmələri şöhrətli oxuyanlardır”. 

F.Qarabağlı bildirdi ki, S.Qəhrəmanov el şənliklərində iştirak edib, amma kanallarda görsənməyib. “O, televiziya kanallarında görsənməsə də, Qarabağ bölgəsində məşhur xanəndədir. Mən yaxşı oxumayan adamı tərif edə bilmərəm. Onu da deyim ki, Sabir oxuyanda el-oba onun səsinə yığışardı. Çox cavan müğənnilər onun səsinin sehrinə düşüb sənətə gəliblər, oxumağı ondan öyrəniblər. Onun qardaşı Zakir Qəhrəmanov da yaxşı oxuyan olub. İstəyirəm ki, belə xanəndələri xalqımız yaxından tanısın”. 

Söhbətimiz əsnasında F.Qarabağlı bir haşiyə də çıxdı. Dedi ki, elə məsələ var, ona toxunmadan keçmək olmur. F.Qarabağlı bildirdi ki, bu günlərdə televiziya kanallarından birində xalq artisti Səkinə İsmayılova məşhur xalq mahnısını oxuyurdu və “qıvrım teli darama” əvəzinə “qara teli darama” oxudu. “Çox maraqlıdır, qara teli niyə darama deyirlər? Düzgün ifadə deyil. Qara teli darayarlar, qıvrım teli daramazlar, Xan əmi demiş, qıvrım teli nə qədər darasan da hamarlaşmaz, yenə qıvrılıb yerinə qayıdar. Demək istəyirəm ki, xalq artisi bu mahnının sözünü təhrif edərək oxuyub. Axı böyük Xan Şuşunski belə oxumurdu. O, “qıvrım teli darama” deyirdi. Onun yolu ilə gedənlər də onun kimi oxudular, Arif Babayev də, Sabir Qəhrəmanov da Xan əmi kimi ifa etdilər bu mahnını. Qıvrım tel qara da, sarı da, yaşlı adamlarda lap ağ da ola bilər. İlk dəfə Hacıbaba Hüseynov “qıvrım teli darama” əvəzinə “qara teli darama” oxuyub. Ondan sonra bəzi xanəndələr Hacıbaba Hüseynova xoş getsin deyə “qara teli darama” oxuyublar. Çox istərdim ki, bu, hörmətli sənətkarımız Səkinə xanımın diqqətinə çatdırılsın. Belə uyğunsuzluqlar çox olur. Məsələn, ikinci bir nümunə. Aşıq Əhliman oxuyur ki, yenə gəldi yaz ayları, bülbül gülə naz eləyir. Çox maraqlıdır, bülbül bəydir, gül xanım. Bəy xanıma niyə naz etməlidir? Bülbül gülün sevgisindən özünü onun tikanlarına vurub sinəsini al qan edir. Bir vaxtlar aşıq Namiq Fərhadoğlu televizya kanallarından birində veriliş aparırdı və o verlişdə bir oğlan oxuyurdu ki, çinar boylu qızları var Şirvanın. Mən aşıq Namiqə zəng edib dedim ki, qardaş, qızlara çinar boylu demirlər. Aşıq Namiq dedi ki, düz deyirsiniz, qızlara sərvi boylu, oğlanlara çinar boylu deyirlər. Dedi ki, mahının sözlərini aşıq Əhliman yazıb, əgər etirazımı bilirsəm, o, şikayət edib mənim verilişimi bağlatdırar. Nə isə, mətləbdən uzaqlaşmayaq. 

Xeyli müddət əvvəl televiziyada “Əməkdar artist” yarışması gedirdi, çox xanəndələr orda iştirak edirdi. Sabir Qəhrəmanov orda bir “Simayi-Şəms” oxudu. Elə “Simayi-Şəms”i yalnız Arif Babayev oxumuşdu. Aşıq Əhliman da münsiflərdə idi. Sabirdən soruşdu ki, sən Ağdamdansan? Sabir də “yox, Füzulidənəm” dedi. Aşıq Əhlaman “olar” dedi. Sabir Qəhrəmanovun oxuduğu “Qarabağ şikəstəsi” hələ də qulaqlarımdan getməyib, o bütün zərb muğamlarını böyük şövqlə oxuyub”. 

Sonda F.Qarabağlı bildirdi ki, söylədiyi bəzi fikirlərə etirazı olan adamlar varsa polemikaya hazırdır. 

İradə SARIYEVA





Seçilən
26
baki-xeber.com

1Mənbələr