AZ

Gürcüstan büdcənin 40 faizini Bakıdan qazanır, təzimi İrəvanda edir...

Image

Əli Orucov: “Gürcü tərəfinin atdığı bu addım Azərbaycanla olan qonşuluq münasibətlərinə zərər vurur”

Ermənistana səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili həmkarı, xarici işlər nazirinin müavini Vahan Kostanyanla birgə İrəvanda uydurma “erməni soyqırımı memorialı”nı ziyarət edib. Ora ölkəsi adından əklil qoyub. Gürcü nazir “soyqırımı qurbanları”nın xatirəsini ehtiramla yad edib.

Məsələnin absurd tərəfi odur ki, Gürcüstanın özü saxta “soyqırımı” tanımayıb. Üstəlik, elə bu səfər ərəfəsində baş nazir Nikol Paşinyan qondarma “genosid” iddiasını şübhə altına alan açıqlamalarla çıxış edib. Bütün bunların fonunda qondarma “erməni soyqırımı memorialı”nı ziyarət etməyi səfər protokoluna daxil etməyin yeri idimi? Digər tərəfdən, Qərb qonşumuz Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatında hərbi-strateji və digər sahələr üzrə fəal əməkdaşlıq içindədir. Öz ordusunu gücləndirir, iqtisadiyyatını inkişaf etdirir. Eyni zamanda dövlət büdcəsinin gəlirlərinin 40 faizi Azərbaycanın həyata keçirdiyi layihələrdən formlaşan Gürcüstanın belə bir addım atması anlaşılan deyil.

“Çox lazım idimi qondarma “abidəni” rəsmi səfər protokoluna daxil etmək?”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov bildirdi ki, Gürcüstandan olan nazirin bu hərəkəti ciddi təəssüf doğurur: “Elə çox lazım idimi qondarma “abidəni” rəsmi səfər protokoluna daxil etmək? Gürcüstanın inkişafına Azərbaycanla Türkiyənin necə önəmli töhfə verdikləri ortadadır. Bunu nəinki bu dövlətlər, əksər dünya ölkələri yaxşı bilir. Gürcüstanın ən çətin günlərində Azərbaycan onlara həyan olub. 2008-ci ilin avqustunda 5 günlük müharibə zamanı Gürcüstanı elektrik enerjisi ilə, digər zəruri vasitələrlə təmin edən ölkə Azərbaycan oldu. Bunu hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili dəfələrlə bəyan edib. Ancaq ermənilər “Baqration” batalyonu quraraq 90-cı illərdə Abxaziya separatçıları ilə birlikdə Gürcüstana qarşı vuruşurdular. Bütün bunlar yaxın müasir tariximizdə baş verənlərdir. Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafında önəmli rol oynayır. Məhz Azərbaycanın həyata keçirdiyi meqa layihələr sayəsində Gürcüstan iqtisadi baxımdan ayaqda qala bildi. Bütün bunların fonunda gürcü nazirin qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi, ora əklil qoyması bizdə məyusluq yaradır. Ermənistandakı mövcud hakimiyyətin qondarma “soyqırım” məsələsini tarixçilərin müzakirəsinə çıxarmaq istəyini dilə gətirdiyi bir vaxta gürcü tərəfinin atdığı bu addım Azərbaycanla olan qonşuluq münasibətlərinə zərər vurur. Qarşılıqlı etimada kölgə salır”.

Vidadi ORDAHALLI





Seçilən
21
baki-xeber.com

1Mənbələr