AZ

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi - QƏRARLAR

Bu gün AFFA-nın inzibati binasında qurumun prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, əvvəlcə icraçı vitse-prezident Sərxan Hacıyev komitə üzvlərini iclasın gündəliyi barədə məlumatlandırıb.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
 
Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub. İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.
Qeyd edək ki, Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.
O, 2004-2019-cu illərdə Engin, Deniz Service, Gametv.az Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib. 2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.
 
İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi də təsdiqlənib.
 
Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.
 
İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.
 
Eyni zamanda Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:
Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.
 
Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN
Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.
Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.
 
İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin “2024-2025 UEFA U-17 Avropa Çempionatının seçmə mərhələsi - raund 2”də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib. Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

Seçilən
13
50
fanat.az

10Mənbələr