AZ

“Kadr çatışmazlığı var”

Təyyarə və vertolyot qəzalarının aktual mövzu olduğu ABŞ-da hava hərəkətinə nəzarət bölmələrində çalışanların az olduğu üzə çıxıb. “New York Times” qəzetinin məlumatına görə, ölkədəki 313 hava hərəkətini idarə edən bölmədən 285-i kadr çatışmazlığı yaşayır.

Hesabatda deyilir ki, Federal Aviasiya Administrasiyası (FAA) və həmkarlar ittifaqları tərəfindən təyin olunan personal sayını tamamlanması mümkün olmayan bölmələrdə “təhlükəsizlik narahatlıqları” var.

FAA-nın hesablamalarına görə, yeni nəzarətçilərin işə götürülməsi və təlimi prosesinin sonunda tələb olunan kadr sayı əldə olunmaya bilər. Bildirilir ki, müəssisələrin təxminən dörddə üçü müəyyən edilmiş personal sayını tamamlamaya bilər.

Qeyd olunur ki, bəzi obyektlərdə yeni hava hərəkəti dispetçerinin hazırlanmasına 4 ildən artıq vaxt lazımdır.

Yanvarın 29-da paytaxt Vaşinqton yaxınlığında “American Airlines” şirkətinə məxsus təyyarə ilə “Black Hawk” hərbi helikopterinin toqquşması gündəmdə olan mövzuya çevrilmişdi.

Ronald Reyqan hava limanı yaxınlığında baş verən hadisədə içərisində 60 sərnişin və 4 nəfərlik ekipajı olan sərnişin təyyarəsi və 3 hərbçini daşıyan bir helikopter Potomak çayına düşüb. Səlahiyyətlilər qəzada sağ qalanların olmadığını açıqlayıb.

Çaya düşən sərnişin və ekipaj üzvlərindən 41-nin cəsədinin, hərbi helikopterin isə qara qutusunun tapıldığı bildirilib.

ABŞ prezidenti Donald Tramp qəzanı “böyük faciə” kimi qiymətləndirib və insidentdə helikopter pilotunu günahlandırıb. O, həmçinin ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Co Baydenin dövründə FAA-nın “meritokratiyadan uzaqlaşdığını” və “əqli qüsurlu insanların müxtəliflik, bərabərlik və inklüzivlik siyasətinə uyğunlaşdırılaraq işə götürüldüyünü” iddia edib.

“Washington Post” qəzetinin yazdığına görə, Ronald Reyqan hava limanında da kadr çatışmazlığı yaşanırdı. Bildirilir ki, qəza baş verən gecə iki aviadispetçer iki növbəli işləməli olub.

Seçilən
6
2
vaxt.az

3Mənbələr