ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Kiyevin Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstəyinin qarşılığında Ukraynadan nadir torpaq mineralları almaq istədiyini bildirib.
“Biz Ukrayna ilə belə bir sövdələşmə əldə etmək istəyirik: onlar bizim verdiyimiz yardımları alır, biz isə əvəzində nadir torpaq elementləri və digər məhsullarla bağlı təminat alırıq. Onların gözəl nadir metalları var. Mən bu sahədə təhlükəsizliyi təmin etmək istəyirəm”, - deyə Tramp jurnalistlərə bildirib.
Prezident Ukraynanın bu sözdələşməyə hazır olduğunu deyib və əlavə edib ki, o, Kiyevin Vaşinqtondan aldığı az qala 300 milyard dollar dəstəyi bununla əvəzləşdirmək istəyir.
Nadir torpaq metalları elektrik nəqliyyat vasitələri, cib telefonları və digər elektronika üçün enerjini hərəkətə çevirən maqnit hazırlamaq üçün istifadə edilən 17 metaldan ibarət qrupdur.
ABŞ Geoloji Tədqiqat Xidməti nikel və litiumu ölkə iqtisadiyyatı və milli müdafiə üçün vacib olan 50 mineraldan biri hesab edir.
Ukraynanın yeraltı sərvətində böyük uran, litium və titan yataqları var, baxmayaraq ki, onların heç biri həcminə görə dünyanın beş ən böyük yataqlarından biri hesab edilmir və Birləşmiş Ştatlar bu və digər kritik mineralların öz istifadə olunmamış ehtiyatlarına malikdir.
Birləşmiş Ştatlarda yalnız bir nadir torpaq mədəni olsa da, çox az emal gücü var. Çin isə nadir torpaq metalları və bir çox digər kritik minerallar üzrə dünyanın ən böyük istehsalçısıdır.
Nadir torpaq metal yataqlarının birgə işlənməsi Kiyevin keçən payızda Trampa təklif etdiyi planın bir hissəsi idi. Xüsusilə, litium və titan yataqlarının birgə işlənməsi imkanları müzakirə olunub. Eyni zamanda planın bu məqamının Trampı maraqlandırdığı da bildirilib. Təxminən eyni vaxtda Zelenskinin əleyhdarları Kiyevin ölkənin təbii sərvətlərini “satmağa” hazır olması barədə tənqidi fikirlər səsləndiriblər.
![](https://static.azpolitika.info/storage/news/47f063cc5c94ee6a9a5b25daf0258743/d01da714-2936-4a71-8ed1-23f58fdb70d9.jpg)