Rusiya, İran və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirlikləri və gömrük xidmətlərinin rəhbərləri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüş keçirəcəklər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali jurnalistlərə açıqlamasında bildirib.
“Yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirləri və gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi ilə bağlı müqavilənin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ilin mayında Rusiya və İran Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsinin tikintisi haqqında saziş bağlayıblar. Bu infrastrukturun tamamlanması Sankt-Peterburqdan Fars körfəzindəki Bəndər-Abbas limanına qədər fasiləsiz dəmir yolu əlaqəsi yaradacaq. Tikinti işlərinin 2027-2028-ci illərdə başa çatması nəzərdə tutulur.