Azərbaycanın 44 günlük Vətən müharibəsində, eləcə də 23 saatlıq lokal antiterror tədbirləri zamanı qazandığı ardıcıl zəfərlər sayəsində Cənubi Qafqazda yeni reallıqlar yarandı. Yeni situasiya özü ilə bərabər bir çox reallıqları da diktə etməyə başladı. Artıq ötən ilin aprel ayından 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadən sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də axarı ilə gedir. Dövlətimizin başçısı delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının müsbət bir addım olduğunu vurğulayıb. Ermənistanın baş naziri Nikol Paşinyan da bu il yanvarın 31-də keçirdiyi mətbuat konfransında sərhədlərin delimitasiyası prosesinin 2024-cü ildə çox konkret xarakter aldığını dilə gətirib. Yeri gəlmişkən qeyd edək ki, artıq 40-a yaxın sərhəd dirəyi də quraşdırılıb. İlk sərhəd dirəyi ötən il aprelin 23-də yerə bərkidilb.
Xəbər verildiyi kimi, bu il yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının on birinci görüşü keçirilib. Görüşün nəticələrinə dair mətbuat üçün yayılan açıqlamada bildirilir ki, tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin niyə şimaldan cənuba doğru aparılması ilə bağlı sualı cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, biz delimitasiya prosesinin davam etdirilməsində maraqlıyıq: “Çünki bunu sülh prosesinin sütunlarından biri hesab edirik. Həm bizim, həm də Azərbaycan tərəfi konstruktiv səylər göstərdi və biz ortaq məxrəcə gəldik”. Ermənistan parlamentinin sədri Alen Simonyan isə bildirib ki, Ermənistanın Tavuş vilayəti istiqamətində yeni ərazilərin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi gözlənilir. Şübhəsiz, Ermənistanla münasibətlərin hazırkı mərhələsində əldə olunan belə razılaşma təqdirəlayiqdir.
Siyasətçilərin fikirncə, delimitasiya prosesinin praktiki olaraq aparılması iki ölkə arasında sülh sazişinin imzalanmasına ümidləri artırır. Bu mənada demək olar ki, hər bir dirək sülhün tezliklə bərqərar olacağından xəbər verir. Amma unutmayaq ki, delimitasiya uzunmüddətli prosesdir və illərlə vaxt aparan bir məsələdir. Digər tərəfdən, rəsmi İrəvan tərəfindən şərti sərhəddə yerləşdirilən Avropa İttifaqının müşahidə missiyasının müddətinin uzadılması məsələsini də diqqətdən yayınmamalıdır. Bu mənada prosesin nə zaman yekunlaşacağını söyləmək olduqca çətindir. Şübhəsiz, Ermənistan bu prosesi nə qədər tez edərsə, bir o qədər onun özü üçün də yaxşı olar.
Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədi təxminən 1000 km məsafədə uzanır və bu sərhədin hər metrinin müəyyənləşdirilməsi vacibdir. Tarixi faktlara əsasən onu da qeyd edək ki, indiki Ermənistan dövləti Azərbaycan torpaqlarında qurulub. O dövrdə İrəvan ermənilərə güzəştə gedilib. Orada Sovet hakimiyyəti qurulduqdan sonra bu dövlətin ərazisi 9 min kvadratkilometrdən 29 min kvadratkilometrə çatdırılıb.
Digər tərəfdən, delimitasiya prosesində müəyyən müsbət nəticələr əldə olunsa da, sülh danışıqları ilə bağlı razılaşdırılmamış məqamlar üzrə hələlik ciddi irəliləyiş yoxdur. Bu da Ermənistanda revanşist meyillərin mövcudluğundan irəli gəlir. Elə ötən il “Vətən naminə Tavuş” adlı qondarma hərəkata rəhbərlik edən, mahiyyətcə “Qarabağ klanı”nın marionetkasına çevrilən, Erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan öz havadarlarına arxalanaraq bu prosesə qarşı çıxmadımı? Amma onun arzusu ürəyində qaldı. Çünki sadə ermənilər onu dəstəkləmədilər. Amma o da faktdır ki, bu gün də İrəvanda baş nazir Nikol Paşinyanın Azərbaycanla sərhədin delimitasiyası üzrə siyasətinə etirazlar səngimək bilmir. Revanşistlər bu prosesi konstitusiyaya, milli və dövlət maraqlarına zidd hesab edir, hətta Ermənistanın ərazi bütövlüyünə, təhlükəsizliyinə və suverenliyinə xələl gətirən ciddi təhdid sayırlar. Yeri gəlmişkən, Xocalı cəlladı kimi tanınan, sabiq prezident Robert Koçaryan hazırda cidd-cəhdlə prosesə mane olmağa çalışır. Amma Koçaryan hələ də anlamır ki, erməni cəmiyyətinin böyük əksəriyyəti Azərbaycanla sərhədlərin müəyyənləşməsinin qaçılmaz proses olduğunu başa düşür. Elə bu səbəbdən onlar koçaryanlara qoşulmurlar. Digər tərədən, Koçaryan unudur ki, bu gün onun kütlə içərisində nüfuzu itələyib qabağa saldığı keşiş Baqratdan da aşağıdır.
Bir məsələni də qeyd edək ki, son vaxtlar Koçaryan-Paşinyan qarşıdurması yeni fazaya qədəm qoyub. Bu dəfə eks-prezident delimitasiya kartından istifadə etmək niyyətindədir. Bu mənada demək olar ki, delimitasiya və demarkasiya prosesinə qarşı çıxmaq onun üçün sadəcə vasitədir, əsas məqsəd Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla iqtidara gəlmək, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesini dayandırmaqdır. Digər tərəfdən, bəzi siyasətçilərin fikrincə, bu, Robert Koçaryanın ABŞ-ın yeni Prezidenti Trampın, həm də ABŞ xüsusi xidmət orqanlarının yadına özünü salmaqdan, daha doğrusu, bu situasiyadan yararlanmaq istəyindən başqa bir şey deyil.
Qvami Məhəbbətoğlu, “İki sahil”