AZ

Qeyri-neft ixracının həcmi və coğrafiyası böyüyür

Azərbaycan ötən il 3,4 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edib

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 3,4 milyard dollar təşkil edib. Bu, nominal dəyər ifadəsi ilə təxminən 100 milyon dollar artım deməkdir. Qeyri-neft ixracının strukturunda meyvə tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, şəkər məmulatları, pambıq lifi və ipliyi, alüminium, qara metallar və onlardan hazırlanan məmulatlar, alkoqollu və alkoqolsuz içkilər, bitki yağları, sement, mis filizləri və konsentratları, elektrik enerjisi, etilen, polipropilen və digər məhsullar əsas yer tutur.

“Azərkosmos” da ixrac ailəsində payını artırır

Ötən il aqrar məhsulların ixracı 2,8 faiz artaraq 789,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 57,3 faiz artaraq 316,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1 faiz artaraq 1,11 milyard dollar təşkil edib. Qeyri-neft sektoruna aid malların siyahısında qızıl (211,8 milyon dollar) birinci olub. Bu siyahıda pambıq mahlıcı (177,1 milyon dollar) ikinci, tomat (175,4 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

İxrac zənbilində yeyinti məhsullarının payında da əvvəlki ilə nisbətən əhəmiyyətli artımlar qeydə alınıb. Həmin dövrdə yeyinti məhsullarının ixracı 11,3 faiz artaraq 1,03 milyard dollara bərabər olmaqla ümumi ixracın 30 faizindən çoxunu təşkil edib.

2024-cü ildə Azərbaycanın qeyri-neft ixracında Rusiya Federasiyası 1,2 milyard dollarla birinci, Türkiyə 542,3 milyon dollarla ikinci, Gürcüstan 272,4 milyon dollarla üçüncü, İsveçrə 220,4 milyon dollarla dördüncü, ABŞ 134,7 milyon dollarla beşinci olub.

2024-cü il Azərbaycanın telekommunikasiya sektorunda da ixracın həcmi və şaxəsi artıb. Dövlət Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 50 ölkəsinə 18,5 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edib. Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya mallarının ixracında ilk sırada 6 milyon dollarla Birləşmiş Krallıq, ABŞ, 3,8 milyon dollarla Lüksemburq, 855,5 min dollarla BƏƏ, 683,8 min dollarla Pakistan, 654,5 min dollarla Türkiyə qərarlaşıb. “Azərkosmos”un hazırda qurumun cəmi gəlirlərini 73 faizini ixrac malları təşkil edir.

Dövlətin dəstəyi, iqtisadi güzəştlər...

Azərbaycanın qeyri-neft ixracının böyüməsində yürüdülən təşviqedici siyasət tədbirləri, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda istehsalın artması mühüm rol oyanmaqdadır. Son illərdə dövlət tərəfindən qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. İxracla məşğul olan biznes subyektlərinə müxtəlif güzəştlər, o cümlədən vergi-gömrük güzəştləri tətbiq olunub, ixrac təşviqi sənədi üzrə maliyyə yardımı göstərilib, habelə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəkləri verilib. Bundan başqa, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilib. Qeyd edilən dəstəkləyici mexanizmlərin hazırda daha da genişləndirilməsi istiqamətində addımlar atılır.

Bu dəstəkləyici və stimullaşdırıcı tədbirlər sayəsində son 5 ildə qeyri-neft ixracı ümumilikdə 50 faizi ötərək dəyər baxımından 3 milyard dollardan yüksək olub. Xarici iqtisadi fəaliyyətdə əmtəə nomeklaturası üzrə ixracın çeşidi də hər il artıb və bu, davamlı xarakter daşıyır. Hazırda Azərbaycan 100-ə yaxın ölkəyə 35 adda qeyri-neft malları ixrac edir.

“Azexport” - qeyri-neft ixracını stimullaşdırır...

Azərbaycanın ixrac siyasətinin müasir platformalarından biri kimi “Azexport” portalı mühüm yer tutur. 9 ilə yaxındır ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. “Azexport”, həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. “Azexport” artıq ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.

“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlanılıb. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib. İndiyə kimi həmin sifarişçilərdən 1 milyard dollardan artıq sorğular daxil olub.

İxracatçıların doğma ünvanı - Ticarət Evləri

Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdür. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricdə Ticarət Evləri 2017-ci ildən yaradılmaqdadır. Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin və Qazaxıstanda Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir.

Ticarət Evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının  potensial imkanlarını nümayiş etdirir. Son illərdə Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirən Çində Azərbaycan Ticarət Evlərinin sayının artması da bunu təsdiqləyir. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın Ticarət Evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib.

Eləcə də Körfəz ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirib və yeni Ticarət Evlərinin yaradılması işlərini sürətləndirib. 

Adambaşına düşən ixracın həcminin 2 dəfədən çox artırılması hədəflənib

Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

“Milli ixrac strategiyası”na əsasən, ortamüddətli dövrə dair strateji yol xəritələrinə əsasən, qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına düşən həcminin 200 dollardan 450 dollara çatdırılması hədəflənib. Qeyri-neft ixracını illik 13-15 faiz artırmaqla həmin hədəfə çatmaq mümkündür. Həmin hədəflərə çatmaq üçün yeni sənəd- “Milli ixrac strategiyası” hazırlanıb. Sənəd 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir.

Strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracını 2025-ci ilədək ötən illə müqayisədə iki dəfə artırmaq və 3,7 milyard dollara çatdırmaq planlaşdırılır. Sonrakı illərdə bu rəqəmin 5 milyarda qədər çatdırılması nəzərdə tutulur. Bu məqsədlərə çatmaq üçün xarici ölkələrə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fəaliyyətinin daha da təşviq edilməsi, “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” ixrac portalları üzrə sifarişlərin daha qlobal ticarət şəbəkələrinə inteqrasiyasının təkmilləşdirilməsi planlaşdırılır. Eləcə də iri şirkətlərin və nüfuzlu investorların Azərbaycana gətirilməsi və qeyri-neft istehsalı sahələrinə, ələxus da bərpa olunan enerji sahələrinə cəlbi məqsədilə yeni iqtisadi alətlərin tətbiqi strategiyanın əsas prioritetləri sırasında yer alır.

E.CƏFƏRLİ

Seçilən
7
yeniazerbaycan.com

1Mənbələr