AZ

Şəki-Zaqatala regionunda təmir ediləcək məktəblərin SAYI

Yeni məktəblərin tikilib istifadəyə verilməsi daha çox şagirdə təhsil alma imkanı yaratmış olur.  Bu, xüsusilə əhalinin sıx yaşayan bölgələrində uşaqların daha yaxşı təhsil şəraitinə yiyələnməsinə müsbət təsir göstərir.

 

Bəs, görəsən bu il Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən neçə ümumtəhsil müəssisəsi üçün yeni bina tikilməsi nəzərdə tutulur? Həmçinin, 2024-2025-ci tədris ilində neçə təhsil müəssisəsində təmir işləri aparılacaq?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərimizdən biridir:

 

“Belə ki, idarənin tabeliyində olan Şəki şəhər 18 nömrəli tam orta məktəbinin köhnə binası sökülərək yerində 720 şagird yerlik yeni məktəb binası inşa edilir.

Bununla yanaşı, Şəki şəhər 20 nömrəli tam orta məktəbində, Şəki rayonu Cəfərabad kənd tam orta məktəbində, Şəki rayonu Küdürlü kənd ümumi orta məktəbində və Qax rayonu Əziz Abdullayev adına Marsan kənd tam orta məktəbində təmir işləri aparılır.

Qeyd edək ki, son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, 1 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib, 8 məktəb binası isə sökülərək yenidən tikilib.

2024-2025-ci tədris ili çərçivəsində 2 məktəbin yenidən inşası və 100-dən çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur”,- deyə idarədən məlumat verilib.

Seçilən
8
1
azedu.az

2Mənbələr