AZ

KOBİA biznes fəaliyyətinə dəstəyini gücləndirir

Ötən il bu imkandan 13 min sahibkar faydalanıb

Ötən il Kiçik və Orta Biznesin Biznesin İnkişafı Agentliyinin (KOBİA) biznes biliklərinin və bacarıqlarının artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, kiçik və orta biznes subyektlərinin bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə KOBİA tərəfindən il ərzində 1047 təlim təşkil olunub. Təlimlər kiçik və orta biznes qurumlarının təlim ehtiyaclarına uyğun olaraq satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, eləcə də “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. Bununla yanaşı, 41 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək məqsədilə “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində bu ölkədə ixtisasartırma kursu keçib.

2024-cü ildə KOBİA-nın müvafiq platformasındakı onlayn təlim videolarından 618 sahibkar və biznesə başlamaq istəyən şəxs ödənişsiz faydalanmaq imkanı qazanıb. Qurum tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 2 min 473 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.

Eyni zamanda, agentlik 2024-cü ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1137 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək verib. Ümumilikdə, 2024-cü ildə qurumun biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 13 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

KOBİA-dan XQ-yə verilən məlumata görə, “Startap” şəhadətnaməsinin verilməsi üzrə yaradılmış ekspertlər şurasının növbəti iclası keçirilib. Toplantıda KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 4-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. “Startap” şəhadətnamələri “Mobil mühasib” MMC-nin mühasibatlıq xidmətlərini avtomatlaşdıran mobil tətbiqi, “Performance Center” MMC-nin təhsil müəssisələrinin akademik və administrativ əməliyyatlarının idarəedilməsi üçün platforma və mobil tətbiqi, İDDO PSP MMC-nin İDDO sağlamlıq proqramının idarəedilməsi üçün onlayn platforması və YOLLAZ MMC-nin taksi xidmətinin təşkili üçün mobil tətbiqi layihələri üçün təqdim olunub.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-yə çatıb.

Yeri gəlmişkən, “Startap” şəhadətnaməsi KOB subyektlərini sözügedən sənədi əldə etdikləri tarixdən etibarən innovasiya fəaliyyətindən qazandıqları gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət etməlidirlər.

 

 

Seçilən
15
3
xalqqazeti.az

10Mənbələr