AZ

İÇMƏLİ SU və QURAQLIQ QORXUSU: dünyanın dördüncü ən böyük gölü təqribən 9 dəfə kiçilib, kimyəvi tozlar bölgəni təhlükəyə yuvarlayır - FOTOLAR

Vaxtilə dünya xəritəsində nəhəng su hövzəsi kimi görünən Aral gölü indi "ağ səhra"ya dönüb, hər yer səhralaşıb, bölgə təhlükəli toz dumanı altında can verir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 1960-cı illərə qədər dünyanın dördüncü ən böyük gölü olan Aral gölü indi demək olar ki, tamamilə quruyub.

Məlumata görə, 68 min kvadrat kilometr ərazini əhatə edən göldə indi cəmi 8 min kvadrat kilometr hissəsində su sahəsi qalıb: "Onun da böyük hissəsi çox dayazlaşıb, belə getsə, çox tezliklə böyük hissəsi səhralaşacaq".

BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının icraçı katibi İbrahim Ziau deyir ki, Aral gölünün yoxa çıxması dünyanın ən böyük ekoloji fəlakətlərindən biri olmaqla, bölgəyə böyük fəlakətlər gətirməkdədir: "Araşdırmalar göstərir ki, 1984-2015-ci illər arasında bölgədə atmosfer tozunun miqdarı 14 milyondan 27 milyon metrik tona çatıb. Hətta 800 kilometr uzaqlıqdakı yaşayış məntəqələrində də havanın keyfiyyətinə mənfi təsir göstərən bu toz bölgədəki buzlaqların əriməsini sürətləndirir, su böhranını, insan ölümlərini daha da artırır, əkin sahələrinin sürətlə şoranlaşmasına, minlərlə canlının yox olmasına səbəb olur".

BMT rəsmisi qeyd edir ki, gölün quruması toz dumanın sürətlə yayılmasına və səhra küləyinin daşıdığı duz və kimyəvi maddə qalıqları kənd təsərrüfatı sahələrini məhv edir, içməli suları çirkləndirir: "Bilirsiniz, məşhur Aral gölü artıq quruyaraq, çox kiçik hissədə qalıb. O kiçik hissəyə də artıq Aral gölü deyil, Aralqum gölü deyirlər. Aralqum gölü isə bölgədə lazımı atmosfer təminatı yarada bilmir. Üstəlik, səhralaşmaya görə artan və sürətlə yayılan tozlar Sovet İttifaqı dövründə aparılan kimyəvi silah sınaqları tullantılarını da bütün bölgəyə daşıyır. Bu da digər qorxunc fəlakətlərin xəbərçisidir. Həmin bu kimyəvi toz yerli əhalidə tənəffüs orqanlarının xəstəliklərinə və anadangəlmə qüsurların artmasına səbəb olub...".

Sovet İttifaqının pambıqçılıq siyasətində sudan amansız istifadə və çayların yönünün dəyişməsinin də ARAL gölünün hazırkı vəıziyyətə düşməsində əsas rol oynadığı haqda iddialar var: "Aral dənizini qidalandıran Amudərya və Sırdərya çaylarının istiqaməti 1960-cı illərdən Sovet İttifaqı tərəfindən 7 milyon hektar pambıq sahəsinin suvarılması üçün dəyişdirilib. Bu irimiqyaslı suvarma layihələri nəticədə gölü iki yerə böldü, gölün ərazisində qısa müddətdə adalar yarandı. Bununla yanaşı, artan duzluluq səviyyəsi göldə yaşayan bir çox canlı növünü məhv etdi və ekosistem tamamilə dağıldı. Balıqçılıq sənayesi demək olar ki, yoxa çıxdı, paslanmış qayıqlar keçmiş balıqçı şəhərlərində qumlarda çürüdü..."

Mütəxəssislər qeyd edirlər ki, Aral dənizinin faciəvi sonu dünya üçün SOS olmalıdır: "Əgər dünya öz su ehtiyatlarını qorumasa, üzləşəcəyi ciddi nəticələr tezlilə qapını döyəcək..."

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
59
mia.az

1Mənbələr