Daşkəsən rayonunda 1971-ci il təvəllüdlü İlqar qısqanclıq zəminində həyat yoldaşı Güneli (adlar şərti verilib – red.) qətlə yetirib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, İlqar 1984-cü il təvəllüdlü arvadı Günelin həmkəndlisi Tahirlə ona xəyanət etməsindən şübhələnib. Kənd arasında utanc hissi keçirdiyi üçün onu öldürmək qərarına gəlib.
2024-cü il iyunun 24-də gecə saat 1 radələrində birgə yaşadıqları kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən götürdüyü balta ilə epilepsiya xəstəsi olan Günelə yatmış vəziyyətdə zərbələr vurub. Çoxsaylı zərbələr alan qadın vəfat edib.
İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən əvvəlki aylardan birində evə gəldikdə qapının bağlı olduğunu görüb. Qapını döyərkən arvadı Günel həyəcanlı halda əlində xəncər qapıya çıxaraq evdə heç kimin olmadığını deyib:
“Mən içəriyə keçəndə həmkəndlimiz Tahirin qapı arxasında gizləndiyini gördüm. Onu döymək üçün hücum çəkdim. Tahir ayaqlarıma düşdü, qələt elədiyini dedi, bir də belə hərəkət etməyəcəyinə söz verərək məni arxa otağa apardı. Arxa otaqda Tahir mənim boğazıma bıçaq dirədi. Bu hadisədən sonra bunu unutmamaq üçün evin divarına boya ilə “14 may” sözünü yazdı.
Sonrakı gün axşam tərəfi Günellə Tahirin yenə birlikdə tövlə tərəfdən gəldiklərini gördüm. Günellə evdə mübahisə etdim. O, ağacla qolumdan vurdu. Gecə Günellə söhbət etdim, o, Tahirlə dəfələrlə mənə xəyanət elədiyini boynuna aldı. Mən və uşaqlarım kənd içində biabır olmuşduq. Günelin sözlərindən bərk hirsləndim. Həyətə gedərək baltanı götürdüm. Evə qayıdaraq Güneli balta ilə vurdum. Həmin vaxt otağın işığı sönülüydü”.
Təqsirləndirilən şəxs bildirib ki, həyətdən qayıdanda arvadı çarpayıda arxası üstə uzanmış vəziyyətdəymiş: “Səssiz gəldiyim üçün o, heç nə bilmədi, əlimdəki baltanı da görə bilməzdi. Günelə neçə dəfə xəsarət yetirdiyimi, onun qışqırıb-qışqırmadığını xatırlamıram.
Güneli vurandan sonra çarpayıdan yerə düşdü. Mən “102” qaynar xəttinə zəng edərək arvadımı öldürdüyünü dedi. Hadisə zamanı evdə mən və Güneldən başqa heç kim olmayıb. Oğlum Fəqan atımız qaçdığı üçün sahədəydi. Onu atın arxasınca gecə vaxtı mən göndərmişdim”.
İlqar qeyd edib ki, arvadı Güneli Tahirlə evdə tutduğunu qaynı Sabirə də danışıb: “Sabir də mənə “onun başını kəs” dedi. Hadisə günü Günellə söhbət etdikdən təxminən 20 dəqiqə sonra həyətdən baltanı götürərək evə girdim. Daha onunla söhbət etmədim, ona neçə zərbə vurduğumu xatırlamıram”.