Masallı məktəblərində “Riyaziyyat aylığı”
2025-ci ilin fevral ayı Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Riyaziyyat aylığı” elan edilib.
Aylıq çərçivəsində riyaziyyat müəllimlərinin forumunun, müxtəlif seminar və dəyirmi masaların, məktəblərdə açıq dərslərin (monitorinqlərin), müəllim və şagirdlərin riyaziyyata aid yaradıcı işlərindən ibarət sərgilərin təşkili, məktəblilər arasında riyaziyyat, məntiq, esse, eləcə də sinif divar qəzetləri (riyaziyyat elm adamları və alimlər, maraqlı kəşflər barədə araşdırma işlərinin təqdimatı) müsabiqələrinin, sinifdənxaric tədbirlərin – gecələr, disputlar, viktorinalar, görkəmli riyaziyyatçılarla şagirdlərin görüşü və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Ayın sonunda ən yaxşı nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.
Aylığın keçirilməsində məqsəd ümumtəhsil müəssisələrində fənnin tədrisi vəziyyətini yüksəltmək, ən yaxşı müəllimləri və istedadlı şagirdləri aşkar etmək, riyaziyyat fənninə marağın artırılması, bu fənn üzrə tədqiqatçılıq bacarıqlarının inkişafı, qabaqcıl müəllimlərin təcrübəsini öyrənməkdən ibarətdir.
Artıq bir neçə gündür ki, rayonun tədris ocaqlarında “Riyaziyyat aylığı”na start verilib.
Akif AĞAYEV