AZ

İntensiv yağış Lənkəranda fəsadlar törədib VİDEO

Ötən gecədən başlayan intensiv yağış Lənkəranda fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin mərkəzi küçələri və rayonun Girdəni, Kosalar, Şiləvar kəndlərində bəzi ərazilər subasmaya məruz qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Su basan  evləri tərk etmək istəyən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması işləri aparılıb. 22 nəfər vətəndaş ərazidən çıxarılıb.

Yağıntılardan sonra Lənkəran şəhəri ərazisində də subasmalar qeydə alınıb. Leysan yağışları nəticəsində suötürücü kollektor və kanallar sel sularının ötürülməsinə imkan vermədiyi üçün rayonun 20 Yanvar, Zərifə Əliyeva, Səttərxan, Nizami, və digər küçələri də subasmalara məruz qalıb.

Yağışlardan sonra Lənkəran çayı, həmçinin Ləkər çayının daşması müşahidə edilib.

Ləkər çayının Girdəni kəndindən keçən hissəsində 40-a yaxın,  həmçinin Lənkəran çayının Kərgəlan kəndinin ərazisindən keçən hissəsində 8-ə yaxın fərdi yaşayış evinin həyətləri, o cümlədən on təsərrüfat sahəsi su altında qalıb. Lənkəran şəhəri ilə yanaşı Zövlə, Veravul, Separadi, Şiləvar, Digah, Vel, Siyavar kəndlərində vətəndaşlara məxsus fərdi yaşayış evlərinin həyətlərini, o cümlədən təsərrüfatlarını su basıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
xezerxeber.az

1Mənbələr