AZ

BMT nümayəndəsi: Bakıda razılaşdırılmış iqlim maliyyələşdirilməsi üzrə yeni qlobal hədəf irəli doğru vacib addımdır

Bakı, 6 fevral, AZƏRTAC

“Bakıda razılaşdırdığımız iqlim maliyyələşdirilməsi üzrə yeni qlobal hədəf irəli doğru vacib addımdır. Təbii ki, ilkin formasında bütün ehtiyacları ödəyə bilməyəcək. Ancaq 300 milyard dollar ilkin mərhələdir. İnkişaf etməkdə olan ölkələrə daha çox maliyyə vəsaiti ayrılmalıdır, çünki onlar xarici borcları ödəmək üçün ayırdıqları yüksək sərfiyyat və yüksək kapital dəyəri ilə mübarizə aparmağa məcburdurlar”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil Braziliyada Riu-Branku İnstitutunda keçirilən “Təmiz enerjiyə keçidin qarşısını almaq artıq qeyri-mümkündür; maliyyə yol xəritəsi, adaptasiya və ədalətli keçid əsas amillərdir” adlı konfransda çıxışı zamanı səsləndirib.

“On il əvvəl Parisdə maliyyə vəsaitlərinin yönləndirilməsi ilə bağlı razılığa gəldik. Qərara alındı ki, bütün maliyyə axınları iqlim öhdəliklərimizə uyğun olmalıdır. Beynəlxalq maliyyə sisteminin yenidən istiqamətləndirilməsi çətin işdir. Lakin bu il qarşımıza məqsəd qoymuşuq ki, addım-addım 1,3 trilyon dollar həcmində maliyyələşdirməni necə təmin edəcəyimizi müəyyənləşdirək. Hər bir ölkədə uğurun məcburi şərti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gətirdiyi böyük faydalara hər kəsin ədalətli çıxışının təmin edilməsidir. Ona görə də 2025-ci ildə dəyişiklik əsas istiqamətə çevirilməlidir”, – deyə BMT İDÇK icraçı katibi vurğulayıb.

S. Stil bildirib ki, nəticələrə nail olmaq üçün koalisiyaların yaradılması on ilin həlledici dövrüdür. Qeyd olunub ki, bu müddətdə ölkələr daha böyük fayda əldə etmək üçün liderlər sırasında olmağa can atacaqlar.

“COP sammitlərində hər bir ölkənin bütün istəyi qəbul olunmur. Hər məsələ ilə bağlı yekdil olmaq lazımdır. Səhnə arxasında bütün gücünü səfərbər edərək strateji vacib addım atan koalisiyalar haqqında eşidəndə inanıram ki, bu güc istər tropik meşələrlə bağlı olsun, istər birja, istər ədalətli mənfəət tələb edən vətəndaş və ya öz öhdəliklərinə sadiq qalan və sektorları üçün inkişaf yolları axtarıb tapan liderlərlə bağlı olsun, biz bu qarşısıalınmaz transformasiyadan maksimum fayda əldə edə biləcəyik”, – deyə S. Stil çıxışını tamamlayıb.

 

Seçilən
37
2
azertag.az

3Mənbələr