AZ

Gülhüseyn Kazımlının 75 illik yubileyinə həsr olunmuş xatirə tədbir keçirildi - FOTO

Beynəlxalq Muğam Mərkəzində ictimai xadim, yazıçı və şair, tədqiatçı alim, filologiya üzrə doktoru Gülhüseyn Kazımlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirin bədii hissəindən əvvəl Beynəlxalq Muğam Mərkəzinin foyesində muğam tədqiqatçısı Gülhüseyn Kazımlıya həsr olunan "Muğam kimi ömür" kitabının təqdimatı keçirildi. Kitabda  G.Kazımlının həyat və yaradıcılığı haqqında qələm dostlarının mülahizələri, dövrü mətbuatda haqqında çap olunmuş məqalələr və eləcə də öz əsərləri toplanıb. İlk dəfədir ki, onun biblioqrafiyası tərtib edilərək  bu kitaba əlavə olunub. "Bakı" nəşriyyatında çap olunan kitabın tərtibçisi və naşiri texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi, məsləhətçilər Kənan Hacı və Hafiz Ataxanlı, texniki redaktorlar Validə Kazımlı və Amin Namazlıdır .

AYB, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin aparıcılığı ilə keçirilən gecədə əvvəlcə Gülhüseyn Kazımlının həyat yolunu əks etdirən videoslayd nümayiş olundu.Xatirə gecəsində çıxış edən BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə bildirdi ki, həyatının son dövrünü BMM ilə əməkdaşlıq edən Gülhüseyn Kazımlının xatirəsi hər zaman kollektiv tərəfindən dərin ehtiramla anılır. Tədqiqatçı -alim  uzun illər dövlət işlərində çalışsa da, hər zaman musiqi, ədəbiyyat və muğam onun qəlbində xüsusi yer tutub. Bu sahədə fəaliyyətini yorulmadan davam etdirib. Onun tanınmış muğam ifaçılarımıza həsr etdiyi tədqiqatlar əsasında ərsəyə gətirdiyi kitablar muğam sənətimiz üçün dəyərli töhfələrdir: Tarixi araşdırıb bəyan etmək, aylarla axtarış aparmaq, böyük səbir və sevgi tələb edir. O, muğam və musiqi sahəsində tədqiqatlarını məhz bu sevginin nəticəsində bizlərə gözəl şəkildə təqdim edib. Tədqiqatçı, texniki elmlər üzrə fəlsəfə doktoru, neftçi, alim Turan İbrahimov çıxış edərək tədqiqatçı ilə bağlı xatirələrini bölüşdü.  Diqqətə çatdırdı ki, Gülhüseyn Kazımlı "Vətən sevgisi", "Yollarda ömür", "Mənə inan", "İnsanın dərki", "Ümid yeri", "Heydər Əliyevin yadigarları", "Şuşaya o qədər yağış yağmışdı..." kimi maraqlı kitabların müəllifidir. Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlan tərəfindən 30-dan çox mahnı bəstələnib. Turan İbrahimov birgə  ərsəyə gətirdikləri tədqiqat işlərindən də söz açdı.

Gülhüseyn Kazımlı son illər Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" və "Dəyirmi masa" layihələrinin koordinatoru kimi görkəmli muğam korifeylərinin həyat və fəaliyyəti haqqında elmi-tədqiqat işləri aparırdı. Bu axtarışların nəticəsində müəllifin muğam ifaçılığı tariximizə aid yeni kitabları "Bülbülcan", "Qarmonun əfsanəsi", "Salam, Məşədi", "Xanəndə Məşədi Qafar Qaryağdı" nəşr edilib.Tez-tez korifey muğam ustalarının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edirdi. Bu tədbirləri böyük ürəklə, xüsusi həvəslə həyata keçirirdi. Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və s. sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələri bu sıradandır.

Çıxışlardan sonra aparıcı Gülhesüyn Kazımlının sözlərinə yazılmış mahnılar, yazdığı şeirlərdən söz açdı. Diqqətə çadırdı ki, 1978-ci ildən üzü bəri 20-ə yaxın həm nəsr və həm də nəzm kitabı işıq üzü görüb Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnı bəstələyib. Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər ifa ediblər. Həzin notlar, kövrək xatirələrlə dolu gecədə Gülhüseyn Kazımlının aparıcılığı ilə keçirilən muğam gecələrindən qısa videonümunələrin nümayişi tədbirə qatılanların alqışları ilə qarşılandı.

Yubiley gecəsində Xalq artistləri Teyyub Aslanov, Ənvər Sadıqov, Əməkdar artistlər Təranə Vəlizadə, Sevinc Sarıyeva, Gülüstan Əliyeva, İlkin Əhmədov, BMM-nin solistləri Nisbət Sədrayeva, Elgiz Əliyev, gənc xanəndə Murad Laçın muğamlar və yubilyarın sözlərinə yazılmış mahnıları ifa edibər. İfaçıları tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə instrumental heyət müşayiət edib. Həmçinin bədii qiraətçilər Səmray Əliyeva və Hüseynağa Aslanov Gülhüseyn Kazımlının sevilən şeirlərini səsləndiriblər.

Gecənin sonunda Gülhüseyn Kazımlının həyat yoldaşı Validə Kazımlı çıxış edərək tədbirin təşkilində dəstəyi olan hər kəsə ailə üzvləri adından təşəkkür edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
26
1
milli.az

2Mənbələr