AZ

Tobias Slotsager 1 milyon avroya “Verona”da

Danimarkanın “Odense” klubunun mərkəz müdafiəçisi Tobias Slotsager bundan sonra “Verona”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi bu transferi 1 milyon avroya rəsmiləşdirib. 19 yaşlı danimarkalı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Tobias Slotsager “Odense”nin öz yetirməsidir. Gənc müdafiəçi bu klubun əsas komandasında 59 oyuna çıxıb, 1 qola imza atıb.

Danimarkanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Tobias ötən ildən U-21-də çıxış edir.

“Verona” İsveçrənin “Lozanna” klubunun mərkəz yarımmüdafiəçisi Antuan Bernedi (25 yaş), İsveçrənin digər klubu “Yanq Boyz”un dayaq yarımmüdafiəçisi Şeyk Niasseni (25 yaş), həmçinin “Fiorentina”nın mərkəz müdafiəçisi Nikolas Valentinini (23 yaş) də heyətinə qatıb. A Seriyası klubu bu oyunçuların hər birini icarəyə götürüb. Valentinidən fərqli olaraq, digər iki futbolçu satınalma şərti ilə heyətə cəlb olunub.

“Verona”da bir neçə futbolçu ilə də yollar ayrılıb. Portuqaliyadan olan 24 yaşlı mərkəz yarımmüdafiəçisi Dani Silva “Midtyulland”a keçib. İtaliya klubu onun satışından 3,5 milyon avro qazanıb. 29 yaşlı mərkəz müdafiəçisi Cancakomo Manyani isə “Palermo”ya satılıb. İtalyan futbolçunun satışı “Verona”ya 600 min avro qazandırıb.

“Verona” iki oyunçusunu da icarəyə verib. 19 yaşlı mərkəz müdafiəçisi Kristian Korradi “Katanzaro”ya, 23 yaşlı sağ vinger Yaya Kallon “Kazertana”ya keçib. Onlar bu mövsümün sonunadək icarədə olacaqlar.

Seçilən
18
arena.az

1Mənbələr